Naxçıvan Ali Məclisi sədrinin bu səlahiyyətləri ləğv edildi

Naxçıvan Ali Məclisi sədrinin bu səlahiyyətləri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.

Tribuna.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Belə ki, fərmanın 3.1.2-ci yarımbəndindən“, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını” sözləri çıxarılıb.
Əsasnamənin əvvəlki variantında qeyd olunmuşdu ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.
Dəyişiklikdən sonra isə yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını tapşırıqlarını yerinə yetirəcək.
Digər dəyişikliklə sənədin 3.1.22-ci yarımbəndinin ikinci cümləsi çıxarılıb. Fərmanın müvafiq bəndinin ikinci cümləsi isə belə idi:
“Naxçıvan Muxtar Respublikasında isə yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi müddətlərdə ona hesabat verirlər”.
Həmçinin əsasnamənin 1.3-cü bəndindən “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını” sözləri çıxarılıb.
Həmin bənd isə belə idi:
Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
2.4-cü və 2.7-ci bəndlərdən “Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə” sözləri də çıxarılıb.
Sözügedən bəndlər isə belə idi:
2.4. Yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
2.7. Yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.
3.2.2-ci yarımbənddən “Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə” sözləri də çıxarılıb.
Sözügedən bənddə bildirilirdi:
3.2.2. regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının hazırlanmasına dair təkliflər verir, müvafiq ərazidə onların həyata keçirilməsini təmin edir, icrası barədə Azərbaycan Respublikasının Prezidentinə, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə məlumat verir və illik hesabatlar təqdim edir;
4.1.3-cü yarımbənddən isə “Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə” sözləri çıxarılıb.
Həmin bəndin əvvəlki məzmunu isə belə idi:
4.1.3. bu Əsasnamə ilə səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və mərkəzi icra hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təkliflər vermək;