Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Tribuna.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra müdafiə tərəfi işin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası 2023-cü ilin yanvarın 10-na təyin edilib.
Qeyd: “Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.
İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.
Cinayət işində 33 zərərçəkmiş var.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.









