“Maşını “Fairmont”un önündə saxlayıb getdim, qayıdanda yox idi”

“Maşını “Fairmont”un önündə saxlayıb getdim, qayıdanda yox idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamı Fəxri Ağayev ötən gün Bakıda “Fairmiont” otelin önündə avtomobilini parkinq etdiyi yerdən tapa bilməyib.

Tribuna.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib. Biznesmen qeyd edib ki, dünən səhər saat 06:50-də avtomobilini “Fairmont” Hotelin önündə saxlayıb və idmana gedib. Qayıdanda avtomobilinin orada olmadığını görüb. İş adamının sözlərinə görə, otelin mühafizə xidməti ona avtomoblin Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən aparıldığını deyib. Daha sonra F. Ağayev maşının yerini yaxınlıqda gördüyü yol polislərindən maraqlanmağa başlayıb:

“DYP əməkdaşlarından biri dedi ki, gedin 40 pilləkən deyilən yerə. Getdim, olmadı. Bir başqa DYP əməkdaşı Nərimanov heykəli ətrafına baxmağımı məsləhət etdi. Getdim, yox idi. Nazirlər kabinetinə en dedilər, ora da bəzən aparırlar. Yox idi. 902 qaynar xəttinə (DYP qaynar xəttini nəzərdə tutur) və evakutator firmalarına zəng etməyə başladım. Onlar da deyilmiş. Bütün bu məsafələr ayaqla (avtomobil hərəkəti yox idi), leysan yağış altında gedilirdi. Yağışın, soyuq hava və küləyin altında ayaqla mən 6 saat yuxarı-aşağı gəzdim”.

İş adamı bildirib ki, sonda ona Milli Məclisin yaxınlığındakı polis zabiti kömək edib: “Milli Məclisdən aşağıda polisləri gördüm. Oradakı mayora yaxınlaşdım və vəziyyəti izah etdim. Zəng etdi, 15 dəqiqə sonra avtomobilin təxmini harda ola biləcəyini dedi. Oradan endim “İçəri şəhər” metrosuna tərəf. Avtomobilimi küçələrdən birində yolun kənarında tapdım. Mənə bir zabit xaricində heç kim kömək etmədi. Dövlət qurumunun qaynar xətti belə”.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirdi ki, sözügedən tarixdə Bakı şəhərində anım günü ilə əlaqədar olaraq Fəxri Xiyabana vətəndaşlar tərəfindən kütləvi axın olacağı, nəticədə həmin əraziyə yaxın yollarda sıxlıq yaranacağını nəzərə alaraq, polis əməkdaşları tərəfindən nizamlama işləri gün boyu gücləndirilmiş qaydada həyata keçirilib: “Bu məqsədlə də avtomobillərin hərəkətinə mane ola biləcək nəqliyyat vasitələrinin ərazidən uzaqlaşdırılması məcburiyyətdən təmin olunub. Buna görə də sürücülər həmin tədbirləri eləcədə paytaxtın mərkəzi küçə və prospektlərində intensiv nəqliyyat axınını nəzərə almalı və digər hərəkət iştirakçılarına mane olacaq formada parklama etməməli idilər. Nəzərə alsaq ki dayanma durma qaydaları ilə bağlı tərəfimizdən mütəmadi olaraq ictimaiyyətə məlumatlar təqdim edirik. Qeyd edilən otelin xidmətlərindən istifadə edən şəxslərin isə avtomobillərini yol kənarında deyil, otelin müvafiq dayanacaqlarında parkinq etmələri tövsiyə olunur. Qaydalara düzgün şəkilədə əməl etmək şəhərin hərəkət dinamikasını adekvat qiymətləndirmək isə paytaxtda yaşayan və bura gündəlik səfər edən insanların daim diqqətində saxlanılmalı məsələdir”.

Yeri gəlmişkən, adətən, otellərdəki müxtəlif xidmətlərdən istifadə edən müştərilərə həmin hotellər tərəfindən parkinq xidməti təklif olunur. Lakin “Fairmont” hotelə ünvanladığımız sorğunun cavabında bildirilib ki, Fəxri Ağayevin avtomobilini “Fairmont” hotelə məxsus ərazidə saxlamayıb: “Nəzərinizə çatdırmaq istərdim ki, cənab Ağayev nəqliyyat vasitəsini otelin önündə deyil, birbaşa Mehdi Hüseyn küçəsində, yəni yol kənarında saxlayıb və sosial şəbəkədə öz fikirlərini bölüşüb”.