Laçın yolunda keçirilən aksiyada vəziyyət gərginləşdi: Zirehli maşınların sayı 4-ə çatdı (AÇIQLAMA)

Laçın yolunda keçirilən aksiyada vəziyyət gərginləşdi: Zirehli maşınların sayı 4-ə çatdı (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xankəndi-Laçın yolunda keçirilən aksiyada vəziyyət bir az gərginləşib. Sülhməramlı kontingentin sayı artıq çoxalır. Zirehli maşınların sayı 4-ə çatıb”.
Bunu  açıqlamasında jurnalist Niyaz Niftiyev QHT-lər tərəfindən Xankəndi-Laçın yolunda keçirilən aksiyadan danışarkən deyib. Onun sözlərinə görə, məqsəd Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb etməkdir:
“İsa Bulağına dedən yol, hansı ki, ermənilər bu yoldan istifadə edib, həmin yolu sülhməramlılar bağlamışdı. Biz oranı birtəhər açıb içəri keçdik. Aksiya davam edir, burada çadır qurmuşuq. Özümüzlə hər şey gətirmişik, isti yataqlar, qida və s. 20-dən yuxarı erməni maşını gəlib, keçə bilmədiyindən qayıdıb. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. O da gəlməyib. Başqa rürtbəlilər gəldi, amma biz onların heç biri ilə danışığa getmədik. Bizim tələblərimiz var, onu Volkova və daha yüksək rütbəli sülhməramlı kontingentinə çatdıracağıq. Ancaq təcili yardım maşınlarına və hərbi kolonların keçirilməsinə imkan veriləcək”.
Niyaz Niftiyev deyib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji terrora son qoymaq və Azərbaycanın qızıl yataqlarının istismarının dayandırılmasıdır:
“İki qızıl yatağı var, həmin yataqları istismar edən xarici şirkət 2019-cu ildə qazancdan əlavə 38 milyon dollar vergi ödəyib. Mətbuatda bu haqda məqalə gedib. Kifayət qədər məhsuldar yataqlardır. Yataqların qeyri-qanuni olaraq işlənilməsi bu gün də davam edir. Biz beynəlxalq tələblərin şərtlərinə əməl edirik. Postu keçmirik, onun qarşısındakı yolu kəsmişik”.
Niyaz Niftiyev aksiyanı qeyri-hökumət təşkilatlarının təşkil etdiyini vurğulayıb:
“Sülhməramlı postundan məsafə saxlayaraq aksiyanı həyata keçiririk. Yüzlərlə QHT nümayəndəsi var, düşünürəm ki, hər hansı təxibatdan söhbət belə gedə bilməz”.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə bildirib ki, tələblər yerinə yetirilməyincə, aksiya davam edəcək:
“Azərbaycanın 150-yə yaxın QHT nümayəndəsi, könüllüləri yolu bağlayıb, etiraz aksiyası keçirir. Əsas məqsəd 30 ildən yuxarı bir müddətdə Azərbaycanın maddi-mənəvi resursları talan edilib, bu proses rus kontingentinin yerləşdiyi ərazidə bu gün də davam edir. Rus sülhməramlı qüvvələri təhlükəsizliyi təmin etməyib, monitorinq qrupuna şərait yaratmayıb. İmzalanan sənədə görə, həmin ərazidə qeyri-qanuni erməni birləşmələri olmamalıdır. Hazırda bildiyimizə görə, erməni hərbi birləşmələri var, onlar həmin ərazidə aparılan monitorinqə maneçilik törədir. Tələbimiz Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsidir. Əks halda aksiya davam edəcək.  Aksiya başlayandan iki saat keçsə də, Volkov hadisə yerinə gəlməyib”.