Çində yemək çatdırılması ilə məşğul olan 56 yaşlı Vanq Cibinq çatdırılmalar arasında yazdığı şeirlərlə ölkənin ən nüfuzlu ədəbi mükafatlarından biri olan Lu Xun Ədəbi Mükafatına layiq görülüb.
Tribuna.az xəbər verir ki, Vanqın 2024-cü ildə nəşr olunan “Aşağı uçuş” adlı kitabı təxminən 200 yemək kuryeri ilə apardığı söhbətlər və onların gündəlik həyatından ilhamlanaraq qələmə aldığı şeirlərdən ibarətdir.
Müasir Çin ədəbiyyatının öncüllərindən sayılan Lu Xunun adını daşıyan mükafat ölkənin ən nüfuzlu ədəbi mükafatları sırasında yer alır.
Vanq Cibinq 2019-cu ildən yemək çatdırılması sahəsində çalışır. O, bundan əvvəl tikinti, küçə ticarəti və tullantıların emalı kimi müxtəlif sahələrdə işləsə də, oxumaq və yazmaq həvəsindən heç vaxt uzaqlaşmayıb.
Son illərdə sosial şəbəkələrdə paylaşdığı şeirlər və esselərlə diqqət çəkən Vanq çatdırılmalar arasında ağlına gələn misraları kiçik kağız parçalarına qeyd etdiyini bildirib.
“Aşağı uçuş” kitabında yer alan şeirlər digər kuryerlərin həyatından, gündəlik çətinliklərindən və şəxsi təcrübələrindən bəhs edir.
Vanq mükafatı qazandığını öyrənəndə böyük sevinc yaşadığını, lakin sonradan üzərinə yönələn diqqətin müəyyən psixoloji təzyiq yaratdığını etiraf edib.
Buna baxmayaraq, Vanq kuryer kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib. O, ən azı 60 yaşına qədər işləməyi planlaşdırdığını deyib.
“Bu işi yalnız dolanışıq üçün görmürəm. İşin ab-havasını sevirəm və o, məni formada saxlayır. Sadə həyat yaşamaq istəyirəm. Bu mükafat məni dəyişdirməyəcək”, – deyə Vanq vurğulayıb.









