“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – Ekspert

“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 10 ildə Azərbaycanda ən çox şikayət olunan sahələrdən biri elektronika məhsulları satan mağazalarla bağlıdır. Şikayətlərin sayına görə birinci yerdə “Kontakt Home” mağazalar şəbəkəsi gəlir. İllərdir bu şəbəkə müştəri narazılığı, məhsulların qüsurlu çıxması və şikayətlərin çoxluğu ilə gündəmdədir.

Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, şikayətlərin sayına görə ikinci yerdə “Baku Electronics”, “Music Gallery” və digər şəbəkələr gəlir:

“Adını çəkdiyim bu şəbəkələrdə çox vaxt aldadıcı reklam kampaniyaları keçirilir. Həmçinin onların endirim kampaniyaları da aldadıcı və saxta olur.

Məsələn, “Kontakt Home” vaxtilə “Şeş qoşa” adlı kampaniya keçirirdi. Şeş qoşa atan müştərilərə məhsul verilirdi. Lakin müştəri məhsulu evə apardıqdan sonra hər hansı problem yarananda onu qaytarmaq və ya dəyişdirmək istəyəndə bildirirdilər ki, məhsul kampaniya çərçivəsində alındığı üçün geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyil.

“Baku Electronics”də də belə aldadıcı kampaniyalar və endirim aksiyaları tez-tez keçirilir.

Əvvəllər “Music Gallery” ilə bağlı şikayətlər yox idi. Bu şəbəkəni “Kontakt Home” aldıqdan sonra oradan da şikayətlər gəlməyə başlayıb”.

E.Hüseynov endirimlə satılan məhsullardan da danışıb. O bildirib ki, mağazalarda qüsurlu çıxan, müştərilər tərəfindən geri qaytarılan və ya texniki servisdə olmuş məhsullar çox vaxt endirimlə satışa çıxarılır:

“İstehlakçıların əksəriyyəti bilmir ki, mürəkkəb elektron məhsulların da istifadə müddəti olur. Telefon, televizor, soyuducu, tozsoran və digər elektron məişət avadanlıqlarının hissələrinin hər birinin ayrıca istifadə müddəti var. Zaman keçdikcə həmin hissələrin resursu azalır. Məhsul istifadə olunmasa belə, bəzi hissələr sıradan çıxa bilər.

Endirimə ən çox belə məhsullar çıxarılır. Bu məhsullar uzun müddət anbarlarda qalıb, bəzən isə rütubətli şəraitdə saxlanılıb.

Endirimə çıxarılan ikinci əsas kateqoriya isə alındıqdan sonra geri qaytarılmış məhsullardır.

Yuxarıda adını çəkdiyim şəbəkələri müştəri məmnuniyyəti düşündürmür. Onlar daha çox qüsurlu məhsulu sataraq gəlir əldə etməyi düşünürlər.

“Kontakt Home” mağazalarından alınmış qüsurlu məhsulların geri qaytarılması və ya problemin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi, demək olar ki, mümkün deyil. Alıcılar bunu mütləq nəzərə almalıdırlar”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul