Təhsil haqqı aşağıdır? Nə edək?
Elm və təhsil naziri Emin Əmrullayevin dünyanın heç bir yerində pulsuz təhsilin olmadığı, təhsilin investisiya tələb etdiyi, Azərbaycanda təhsil haqqının çox aşağı olması barədə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələr yaradıb. Nazirin fikirlərini təsdiq edənlərlə yanaşı tənqid edənlər də kifayət qədərdir. Təhsil haqları bizim ölkədən qat-qat yüksək və ya aşağı olan, hətta pulsuz olan ölkələr də var. Burada söhbət təhsil haqqının baha və ya ucuz olmasından deyil, təhsilin keyfiyyətli olub-olmamasından getməlidir:
“Ən aşağı təhsil haqqı Azərbaycandadır demək doğru olmazdı. Müxtəlif ölkələrdə müxtəlif qiymətlər var. Pulsuz ali təhsil verən ölkələrdə bu zahirən pulsuz görünür, amma bu xərci dövlət ödəyir və bu bizim təhsil haqqında 5-10 dəfə çoxdur.
Bu ölkələrdə Universitetlər öz təhsil haqqını istənilən halda tam alır. Bu xərci vətəndaşın əvəzinə dövlət ödəyir. Məsələn, Almaniyada, Türkiyədə v.s. ölkələrdə məhz belədir.
Bizdə isə tələbə gedib “Tələbə kredit fondu”ndan kredit götürür və təhsil haqqını ödəyir. Ancaq bu pulun qarşılığında keyfiyyətli təhsil ala bilmir. Problem əslində budur.
Bu səbəbdən də həmən tələbə sonralar əmək bazarında rəqabət qabiliyyətli olmur, heç bir iş tapa bilmir, ya da istədiyi işi tapa bilmir.
Azərbaycanda mənfi tendensiya yaranıb. Xaricdə oxuyanları, ingiliscə danışanları ilk növbədə işə götürürlər, xüsusən də dövlət qurumlarında. Yerli universitetlərin məzunları iş tapa bilmirlər, əmək bazarında vakansiyalar ilbəil azalır, ixtisarlar gedir, məzundan staj tələb edilir. Olan vakansiyalar da “Bravo”, “Sədərək” ticarət mərkəzi, “Bolt” taksi xidməti sürücüsü v.s. kimi işlərdir.
Bizim təhsil sistemi təəssüf ki, keyfiyyətsizdir. Universitetləri publik hüquqi şəxs etdik, yəni universitetlər maddi baxımdan özü-özünü saxlamalı idilər. Necə? Hansı resurslarla?
Bizim kimi ölkələrdə universitetlər, elm və təhsil dövlət himayəsində olmalıdır, ya da çökməlidir, çünki, başqa pul qazanmaq imkanı hələ də yoxdur.
Ölkədə qiymətlər daim artır, universitetlərin öz əməkdaşlarının maaşını qaldırmaq imkanı yoxdur. Az bir qisim, rəhbərlikdə təmsil olunan 3 faiz əməkdaşın yüksək maaşı var, yerdə qalanların maaşı isə, Bakı şəhəri üzrə orta əmək haqqından da aşağıdır. Belə ki, Bakıda orta əmək haqqı 1200 manatdır. Ali məktəblərdə professorun maaşı ortalama 1200 manat, dosentin maaşı 1000 manatdır. Elmi dərəcəsi olmayan müəllimlərin maaşı isə 1000 manatdan da azdır. Yəni, son beş ildəki fasiləsiz qiymət artımına uyğun ali məktəblər indi adekvat maaş verə bilmirlər.
Universitetlər publik hüquqi şəxsə (PHŞ) çevrilib. Bu status universitetlərə tələsik verildi, özü də ziyanlı oldu. Nəticədə ATM-də əmək haqqı artmır, sanki, yerlə sürünür, amma təmir-tikinti işləri şıdırğı gedir. Biz bəlkə də, yeganə ölkəyik ki, nazirin maaşı professorun maaşından 10-12 dəfə yüksəkdir.
Universitetlərdə normal əmək haqqı, normal elm-təhsil qrantları olmadığına görə, ali təhsildə keyfiyyət yoxdur. Başqa bir problem: biz yüksək təhsil haqqı tələb etsək də, buna uyğun keyfiyyətdə təhsil vermirik, əlavə olaraq əhalinin yüksək təhsil haqqı ödəməyə maddi imkanı da yoxdur.
Tək təhsil deyil, hər sahədə qiymətlər artır, valideynlərin yeni qiymətlərlə təhsil haqqı ödəməyə imkanı yoxdur. Bu dərs ilində 13.000 tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün xaric edilib. Bu səbəblərdən ali təhsildə ziddiyyətli vəziyyət yaranır.
Nazirlik dövlət hesabına sistematik şəkildə universitetlər üçün dərsliklər çap etdirməlidir. Nazir 5-6 il öncə də demişdi ki, 1500 manata mühəndis hazırlamaq olmaz, indi də deyir ki, 2000 manata İT mütəxəssisi hazırlamaq olmaz. Eyni sözləri inflyasiyanı nəzərə alaraq, yenidən təkrar edilir.
Faktiki olaraq ali təhsildəki problemlər illərlə həll olunmayıb deyə, indi də necə həll edəcəklərini menecerlər bilmirlər. Ən pisi isə, menecerlər heç nə öyrənmək istəmirlər. Deyəsən, sertifikasiyadan kəsilən müəllimlərimiz, təhsil menecerlərdən daha məsuliyyətlidirlər.
ETN deyir Bakıdakı ATM-də qəbul planını azaldıb, regionlardakı ATM-nin qəbul planını artıraq. Yəni, Bakıda tələbə az olsun, daha keyfiyyətli təhsil olsun. Bu həll yolu deyil. Çünki təhsilin keyfiyyəti auditoriyadakı tələbə sayından asılı deyil.
Yüz minlərlə tələbəsi olan universitetlər var ki, onlar yüksək keyfiyyətli təhsil verirlər.
Bizim ali təhsil isə çox vaxt keyfiyyətsiz olur, ona görə yox ki, tələbə sayı çoxdur.
Bəli, tələbə sayının qismən təsiri var, ancaq məsələ budur ki, Azərbaycanda ali təhsilin tədris metodik bazası, təhsil ekosistemi zəifdir, müəllimlərin təkmilləşmə, ixtisasartırma sistemi dağıdılıb, ETN səviyyəsində ATM üçün dərslik hazırlanmır. Müəllimlər öz hesabına nə isə edirlər, kitablar yazırlar, sonra da çap edib tələbəyə satırlar, amma bu həll deyil, müasir universitetlər, reytinqə xeyli pul sərf edən ATM belə etməli deyillər.
ATM üçün dövlət xətti ilə dərsliklər, elektron resurslar yaradılmalıdır. Problemlər çoxdur, həll edənlər isə yoxdur. ETN 10 problemi gizlədib, 11-cini deyir, bunu bir az da şişirdirlər.
Düşünürəm ki, təhsildə bir çox məsələlər 30 ildə başlı başına buraxıldığına görə, az maliyyə və səriştəsiz idarəetmə səbəbi ilə problemlər sistem xarakterli olub. Menecerlər bu problemlərin həll mexanizmini bilmirlər. Çünki, təcrübələri, bilik bazaları, uyğun ixtisas təhsili yoxdur, bu sahədəki beynəlxalq təcrübəni də bilmirlər.
Menecrrlər gedirlər xarici təcrübə öyrənməyə, görürlər ki, Qazaxıstanın bir məktəbində müəllimlər məktəb forması geyiniblər, 1000 problem qalır kənarda, tez gəlib müəllimlərin forma geyməsini tələb edirlər. tətbiq edirlər. Bu kifayət deyil axı… Təhsilin min dənə problemi qalıb kənarda məktəb formasını müzakirə edirlər. Gündəmə bunu çıxarırlar. Dövlət İmtahan Mərkəzinin hesabatı yayımlandı ki, Azərbaycan məktəblərində şagirdlərin proqramı mənimsəmə dərəcəsi 40 faizdir. 40 faiz biliyi olan məzun universitet tələbəsi olmamalı, attestat da almamalıdır. Çünki o proqramı mənimsəyə bilməyəcək. Bu problemləri müzakirə etmirlər, baş qatmaq üçün isə məktəb forması, digər nəticəsiz və əhəmiyyətsiz məsələlər, müzakirələrlə gündəmi qatırlar.
Dosent İlham Əhmədov









