“Qiymətləndirmə sektoru iqtisadiyyatın müxtəlif sahələrində qəbul edilən qərarların obyektiv və real məlumatlara əsaslanmasına xidmət edən mühüm peşəkar istiqamətdir. Bu sahənin inkişafı əmlak bazarının şəffaflığı ilə yanaşı, maliyyə, investisiya və sahibkarlıq mühitinə də birbaşa təsir göstərir”.
Bunu Tribuna.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov söyləyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar idarəetmədə şəffaflığın artırılması, biznes mühitinin təkmilləşdirilməsi və iqtisadi institutların müasirləşdirilməsi ilə yanaşı, qiymətləndirmə fəaliyyətinin də peşəkar əsaslarının möhkəmləndirilməsinə ehtiyac yaradıb.
“Bu gün qiymətləndirmənin nəticəsi yalnız əmlakın bazar dəyərini müəyyən edən rəqəm kimi qəbul edilə bilməz. Qiymətləndirmə hesabatları kredit və girov münasibətlərində, investisiya qərarlarında, əmlakın sığortalanmasında, məhkəmə mübahisələrində və digər iqtisadi-hüquqi proseslərdə mühüm informasiya bazası rolunu oynayır. Buna görə qiymətləndiricinin peşəkarlığı və verdiyi nəticənin obyektivliyi iqtisadi münasibətlərdə etimadın əsas elementlərindən biridir”.
Hüseyn Talıbov qeyd edib ki, qiymətləndirmə sektorunun institusional inkişafı son illərdə aparılan islahatların məntiqi nəticələrindən biri kimi xüsusi aktuallıq qazanıb.
Ekspertin fikrincə, peşəkar fəaliyyətin vahid prinsiplər əsasında təşkili, qiymətləndiricilərin məsuliyyətinin artırılması və peşə standartlarının formalaşdırılması bazarda sağlam rəqabətin yaranmasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə şərait yaradır.
“Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Özünütənzimləmə mexanizmlərinin gücləndirilməsi qiymətləndiricilərin peşə hazırlığının artırılmasına, etik prinsiplərin qorunmasına və bazar iştirakçılarının bu peşəyə etimadının möhkəmlənməsinə imkan verir”.
Müsahibimiz vurğulayır ki, növbəti mərhələdə sektorun inkişafında rəqəmsallaşma və etibarlı bazar məlumatlarının formalaşdırılması səylərinin artırılması mühüm rol oynayacaq.
“Şəffaf və əlçatan bazar məlumatları qiymətləndirmənin dəqiqliyini artırır. Dəqiq qiymətləndirmə isə həm vətəndaşın, həm sahibkarın, həm maliyyə institutlarının, həm də dövlətin daha əsaslandırılmış qərarlar qəbul etməsinə imkan yaradır. Bu baxımdan qiymətləndirmə sektorunun inkişafı bütövlükdə iqtisadi islahatların səmərəliliyinə xidmət edən strateji istiqamətlərdən biridir”.
İmran Kərimli









