Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə sazişi” bu ölkələrin xarici qüvvələrə güvənməklə təhlükəsizliyi təmin etməyin mümkün olmayacağını anladıqlarının əlamətidir.
Tribuna.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İsrailin Livan, Fələstin və Suriyaya hücumları, eləcə də regiondakı digər ölkələrə qarşı təhdidləri region ölkələrinin artıq ABŞ-nin təhlükəsizlik zəmanətlərinə etibar etməyin mümkün olmayacağı anlayışını gücləndirib.
“Dərin dini, tarixi və mədəni əlaqələrimiz olan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış bu sazişin İrana qarşı yönəldiyinə dair narahatlıq üçün heç bir əsas yoxdur”, – o əlavə edib.
İran XİN rəsmisi həmçinin ABŞ-nin özünün regionda təhlükəsizlik vəziyyətinin pisləşməsinə töhfə verdiyini bildirib və əlavə edib ki, Amerikanın dəstəyi olmadan İsrail öz hərəkətlərini həyata keçirə bilməzdi.
Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında tarixi “Məkkə Birgə Müdafiə Sazişi” imzalanıb. Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.









