Türkiyənin Kahramanmaraş vilayətində məktəbdə baş vermiş qanlı hücumla bağlı istintaqda yeni mərhələ başlayıb.
Tribuna.az Türkiyə saytlarına istinadən xəbər verir ki, ittiham aktına əsasən, hücumu törədən İsa Aras Mersinlinin həbsdə olan atası Uğur Mersinli barəsində “ehtimal olunan qəsdən adam öldürmə” maddəsi ilə 10 dəfə ağırlaşdırılmış ömürlük həbs, “ehtimal olunan qəsdən yaralama” maddəsi ilə isə 30 ilədək azadlıqdan məhrumetmə cəzası istənilib.
Təqsirləndirilən şəxsin anası Peyman Pınar Mersinli haqqında isə “ehtiyatsızlıq nəticəsində birdən çox şəxsin ölümünə və yaralanmasına səbəb olma” ittihamı ilə 22 il 6 ayadək həbs cəzası tələb edilib.
Qeyd edək ki, Kahramanmaraşda baş verən məktəb hücumu Türkiyədə böyük rezonans doğurmuşdu. Hadisə nəticəsində 10 məktəbli və bir müəllim həyatını itirmiş, çox sayda insan isə yaralanmışdı.
İstintaq çərçivəsində hücumun baş verməsində valideynlərin məsuliyyət daşıyıb-daşımadığı araşdırılıb və toplanmış sübutlar əsasında onlar barəsində də cinayət işi qaldırılıb.
Məhkəmənin yaxın günlərdə iş üzrə hazırlıq iclasına başlaması gözlənilir.
Gülşən Rəsul









