Türkiyənin Kahramanmaraş şəhərində itkin düşən 12 yaşlı uşaq saatlarla davam edən axtarışlardan sonra sağ tapılıb.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Göktepe məhəlləsində baş verib.
Məlumata görə, 12 yaşlı uşağın itkin düşməsi ilə bağlı iyulun 30-da saat 12:00 radələrində 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olub. Bundan sonra bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Axtarış işləri AFAD-ın koordinasiyası ilə aparılıb. Əməliyyata jandarma əməkdaşları, Kahramanmaraş Təbiət İdmanları və Axtarış-Xilasetmə Dərnəyinin (KADOSAK) üzvləri və könüllülər də cəlb olunub.
Ərazinin həm qurudan, həm də havadan yoxlanılması üçün dronlardan istifadə edilib. Məhəllə ətrafı və kənd əraziləri diqqətlə axtarılıb.
Saatlarla davam edən axtarışların ardından uşaq gecə saatlarında sağ vəziyyətdə tapılıb.
Hadisə yerində ilkin tibbi müayinədən keçirilən uşaq ehtiyat tədbiri olaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırma aparılır.
Gülşən Rəsul









