Dünya çempionatına dünən keçirilən final oyunu ilə yekun vuruldu. Həlledici qarşılaşmada Argentina millisini 1:0 hesabı ilə məğlub edən İspaniya çempionluq kubokuna sahib çıxıb. İspanların tarixi qələbəsi futbol ictimaiyyətində, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Argentinanın məğlubiyyətinə üzülənlərlə yanaşı,İspaniyanın qələbəsinə sevinənlər də az deyil. İspaniyanın bu uğuru sosial şəbəkələrdə müxtəlif cür şərh edilir.
Tribuna.az-a dünən başa çatan növbəti Dünya Çempionatının sonuncu qalibi ilə bağlı yazılanları təqdim edir:
Sabiq deputat Etibar Əliyev:
“2026-cı ilin Futbol üzrə Dünya çempionatının dərsləri;
İspan uşaq futbol məktəblərinin yetirmələri dünyanı heyrətə gətirdi;
Onların qarşısında heç bir ulduz- milyonçu futbolçu duruş gətirə bilmədi.
Bu dünya çempionatı göstərdi ki, ulduz futbolçu üzərində qurulan oyun taktikası yanlışdır;
Və bu çempionatda ulduz futbolçuların əksəriyyəti nüfuzunu itirdi;
2026– cı ilin çempionatı həm də, məşqçilərin məğlubiyyəti ilə yadda qalacaq;
İspaniyanın məqcisi Luis de la Fuente futbolun mistikasını çox gözəl bilirdi…
O, hər bir anı dəyərləndirmək üslubunu seçmişdi və əvəzetmələri möhtəşəm idi.
İspaniya komandası sübut etdi ki, futbolda ağıl və güclə yanaşı intuisiyanın rolu danılmazdır.
Nəticə: Futbolda “ispan dərsləri”paradiqması yarandı”.
Yazıçı Eminquey Akif (Emin Əlizadə):
“Şübhəsiz ki, İspaniya dünya tarixinin ən yaxşı futbolçularını yetişdirib, ispan klubları isə çempionatlarda həmişə öz sözünü deməyi bacarıb. Messinin özü də dərinə getsək, İspaniya məktəbinin yetirməsidir, hərçənd ki argentinalıdır. Hamımız yaxşı bilirdik ki, İspaniya Argentinadan üstündür. Və hamınız bilirsiniz ki, Azərbaycanda Argentina fanatı yox, Messi fanatı var. Azərbaycanda heç Barselona fanatı da yoxdur. Əvvəl Messi fanatı var idi, indi isə Yamal fanatı var. Biz də Messi eşqi ilə izlədik oyunu. Messinin ikinci dəfə Dünya Çempionu olmağa ehtiyacı olmasa da. Xülasə, İspaniya məşqçisinin oyundan əvvəl mətbuat konfransında nahaqq yerə deməmişdi: “Biz Messiyə markaj tətbiq etməyəcəyik, amma bu o demək deyil ki, Messi haqqında düşünmürük, onun üçün də planımız var”. Bu, futboldur. Dünyanın yarısı Messidən, yarısı da Yamaldan qol gözləyirdi, nəhayət də qolu ən bərbad oyunçu hesab edilənlərdən biri Ferran Torres vurdu. Hər nə isə. Messi, sən yenə də futbolun şahısan. İspaniya isə halalca dünya kubokunun sahibidir”.
Yazıçı Şəhriyar Del Gərani:
“Messi büs-bütün karyerasını İspaniyaya borclu idi. Bu gün isə həmin borcu “qaytardı””.
Gülşən Rəsul












