İsti havalarda bu qidalara diqqət edin

İsti havalarda bu qidalara diqqət edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər qida zəhərlənməsi ilə bağlı tibb müəssisələrinə müraciət edənlərin sayında artım qeydə alınır. Vətəndaşların bir qismi narahatlıqlarının mövsümi meyvələrdən, digərləri isə ictimai iaşə obyektlərində qəbul etdikləri yeməklərdən sonra yarandığını bildirirlər.

Bəs zəhərləmədən özümüzü necə qoruyaq?

Tribuna.az xəbər verir ki, mövzu ilə bağlı Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu Aynur Məmmədova bildirib ki, qida zəhərlənmələri xüsusilə uşaqlar üçün daha risklidir. Onun sözlərinə görə, isti havalarda düzgün saxlanılmayan ət məhsulları, mayonez tərkibli qidalar və tərəvəzlər gigiyena qaydalarına əməl edilmədikdə sağlamlıq üçün təhlükə yarada bilər.

Həkim yay mövsümündə dönər, konserv məhsulları, hisə verilmiş qidalar, kolbasa və sosiska kimi məhsulların istifadəsi zamanı diqqətli olmağı tövsiyə edib. Torpaqla təmasda olan çiyələk, qarpız və yemiş kimi meyvələrin isə istehlakdan əvvəl yaxşı şəkildə yuyulmasının vacibliyini vurğulayıb.

Mütəxəssislərin sözlərinə görə, qida qəbulundan qısa müddət sonra ürəkbulanma, qusma, qarın ağrısı, ishal, hərarət, halsızlıq və başgicəllənmə kimi əlamətlər müşahidə olunarsa, bu, zəhərlənmədən xəbər verə bilər.

Xüsusilə göbələk, konservləşdirilmiş məhsullar və ya mənşəyi bilinməyən qidaların qəbulundan sonra belə hallar yaranarsa, vaxt itirmədən tibbi yardıma müraciət etmək tövsiyə olunur.