Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu ilin ilk beş ayında (yanvar-may) Azərbaycanda nikah və boşanmaların sayı azalıb. Bu ilin ilk beş ayında 15 107 nikaha daxilolma və 8 087 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.
Tribuna.az xəbər verir ki, həkim Vaqif Qarayevin fikrincə, boşanmalar durmadan artması təkcə sosial çətinliklərə görə deyil:
“Boşanmalar artdıqca doğum da azalacaq. Subayları anladıq, sosial çətinliklərə görə evlənmirlər. Amma evlənənlər də çox qısa müddətdə boşanırlar.
Bahalı restoranlar, bahalı müğənnilər, çoxsaylı qonaqlar – bunlar hamısı sosial şəbəkələrdə paylaşım və görüntü üçündür.
Deməli, məsələ təkcə sosial problemlərdə deyil”.
Jurnalist, “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədovun fikrincə isə artıq bütün dünyada ailə institutu sıradan çıxır:
“Bu prosesin obyektiv tərəfləri də var. Artıq ailənin insana verə biləcəyi heç nə qalmayıb. Əvvəllər ancaq ailənin legitim şəkildə təmin edə biləcəyi hər şeyi indi ailədən kənarda da asanlıqla əldə etmək olur. “Hər şeyi” sözünü xüsusi vurğulamaq istəyirəm – məhz HƏR ŞEYİ – münasibəti, məişət rahatlığını, sevgini, seksi, hətta uşağı – hamısını ailədən kənarda da daha rahat, daha dinc və problemsiz, üstəlik, həm də legitim şəkildə təmin etmək olur. Elə isə ailə lazımlığını itirir, insan üçün maddi, hüquqi, psixoloji yükə, lazımsız məsuliyyətə çevrilir. İnsana müstəsna bir şey təklif edə bilmədiyi halda, ondan xeyli şey, ilk növbədə, azadlığını alır. Həyatı asanlaşdırmır, çətinləşdirir. Dəyirmi? Yox!
Bəs nə etmək olar? Bəzi ölkələr ailə institutunu qorumaq üçün evli insanlara aşağı faizli ipoteka, güzəştli sığorta paketləri kimi xüsusi sosial-iqtisadi güzəştlər təklif edir, karyera pillələrində ailəli insanları ilk növbədə qabağa çəkirlər. Nəticədə ailəli olmaq müəyyən qədər sərfəli görünməyə başlayır, amma əlbəttə ki, bu, yekun həll deyil.
Ailə institutunu qorumaq üçün kompleks yanaşmaya ehtiyac var – həm iqtisadi, həm hüquqi, həm əxlaqi, həm sosial tərəflərdən işləmək lazımdır. Hətta bunun da nəticə verəcəyi sual altındadır. Amma ən azından ailənin bir sosial təsisat olaraq ömrünü uzada, müasir insana daha dərin düşünmək üçün vaxt verə bilər. Əks halda çox tezliklə ailəyə arxaik adət kimi yanaşan nəsillər yetişəcək”.
Gülşən Rəsul











