Futbol üzrə İspaniya millisi baş məşqçisiz qalıb.
Tribuna.az MK.ru-ya istinadla xəbər verir ki, bu ölkənin futbol federasiyasından verilən məlumata görə, Luis Enrike vəzifəsini tərk edib.
“RFEF səmimi qəlbdən Enrike və komandasına gələcək karyeralarında uğurlar arzulayır. Məşqçi onun həmişə öz evi olacaq milli komandanın və bütün federasiyanın məhəbbət və heyranlığını qazanıb”, – federasiyanın saytında deyilir.
Enrikenin “qırmızı furiya”nın baş məşqçi postunu tərk edəcəyi bir gün əvvəl məlum olub. İstefa gözlənilən idi, çünki ispanlar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsini keçə bilməyiblər. Penaltilər seriyasında isə sensasion şəkildə Mərakeş millisinə uduzublar.
Luis Enrike 2018-ci ildən İspaniya millisinə rəhbərlik edir.
İspaniyanın nüfuzlu “Marca” qəzetinin yazdığına görə, “qırmızı furiya”nın yeni rəhbəri İspaniyanın gənclərdən ibarət milli komandasının baş məşqçisi Luis de la Fuente ola bilər.









