Ənsar Allah husiləri Səudiyyə Ərəbistanının iki tankerini vurduqlarını elan ediblər.
Tribuna.az xəbər verir ki, Husilər bununla bağlı mətbuat açıqlaması yayıblar.
Açıqlamada tankerlərin Səudiyyənin dəniz blokadasını pozmaq istəyiblər: “Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə Səudiyyə Ərəbistanının blokadasını pozan iki Səudiyyə neft gəmisini vurmaq üçün əməliyyat keçirib. Gəmilərdən birinin adı ENCELIA, digərinin adı isə LAYLA idi”.
Hərəkatın hücumda dronlardan, eləcə də ballistik və qanadlı raketlərdən istifadə etdiyi bildirilir. Husilər həmçinin təxminən 10 gəmini geri dönməyə məcbur etdiklərini vurğulayıblar.
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi gəmiyə endirilən zərbəni təsdiqləyərək, ENCELIA-nın bütün heyət üzvlərinin təhlükəsizlikdə olduğunu qeyd edib. Agentliyin məlumatına görə, tankerə endirilən zərbə gəminin burnunda yanğına səbəb olub.
Qeyd edək ki, 20 iyulda husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini elan ediblər. Səudiyyə Ərəbistanı krallığı neft ehtiyatlarına istinadən illərdir “Yəmənin milli sərvətini talan etməkdə” günahlandırılıb. İyulun 21-də Ər-Riyadın rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı koalisiyası Bab əl-Məndəb boğazında ticarət gəmilərini qorumaq üçün tədbirlər görməyə başladığını açıqlayıb. Alyansın sözçüsü Turki əl-Maliki gəmiçiliyə qarşı hər hansı bir təhdidə “qətiyyətlə və sərt” cavab veriləcəyini vurğulayaraq, üsyançıların hərəkətlərini dəniz piratçılığı adlandırıb.
Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət və Nəqliyyat Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, tankerə Səudiyyə Ərəbistanının Əl-Şuqaiq şəhərindən 70 dəniz mili cənub-qərbdə hücum edilib.









