İranın Azərbaybaycana münasibəti bizə 90-cı illərdən məlumdur. 44 günlük Vətən müharibəsindən, şanlı zəfərimizdən sonra da İranın iç üzünü gördük. İranın Azərbaycana qarşı şovinist, işğalçı, terrorçu münasibəti açıq müstəviyə keçmiş oldu. Bu gün Ermənistanı özünün qırmızı xətti adlandıran, dünyada islam liderliyinə can atan, əməldə isə islam dəyərlərini siyasi alət kimi istifadə edən İranın siyasəti ikiüzlülükdür.
Bu sözləri Tribuna.az-a deputat Vüqar İskəndərov bildirib. İranla yaşanan olayları dəyərləndirn və nəticələri barədə danışan deputat qeyd edib ki, son zamanlar İranın Azərbaycana açıq şəkildə təhdid dolu bəyanatlar verməsi, Azərbaycan sərhədinə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi, İran parlamentinin deputatlarının çıxışları artıq onu deməyə əsas verir ki, İran artıq qırmızı xətti keçmək üzrədir:
“Bu isə təbii ki, arzu olunan hal deyil. Bu, heç bir ölkəyə başucalığı gətirəcək hal deyil. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə olan hücum və yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən xain terror hücumu, hələ də bu terrorun araşdırılmaması, cinayətkarların, sifarişçilərin, təşkilatçıların tapılmaması, bu istiqamətdə iş aparılmaması İranın bütün bu əməllərin həyata keçirilməsində maraqlı olduğunu göstərmiş olur.
Konsulluğumuza qarşı təhdidlər, onun bağlanması üçün edilən çağırışlar İranın açıq-aşkar anti-Azərbaycan siyasəti yürütdüyünü göstərir. İran səfirliyinin 4 əməkdaşının arzuolunmaz şəxslər elan olunaraq ölkəmizi tərk etmələri üçün vaxt verilməsi artıq sonuncu hədd idi. Bütün bu faktlar iki ölkə arasındakı münasibətlərin ən gərgin hala gəlib çıxmasına səbəb olub. Bu məsələnin, iki ölkə arasında yaranmış bu münasibətlərin səbəbkarı İranın hərbi siyasi dini rəhbərliyidir və bu məsuliyyəti onlar daşıyır”.
V.İskəndərov bildirib ki, bütün bu problem və məsələlər siyasi yollarla, danışıqlar masası ətrafında müzakirə olunmalıdır:
“Bunun üçün kifayət qədər diplomatik kanallar mövcuddur. Lakin hələlik İran əksinə məsələlərin üzərinə benzin tökməklə, hadisələri alovlandırmaqla məşğuldur. Hazırda İran münasibətlərin normallaşmasına çalışmadan hər gün müxtəlif bəyanatlar, çıxışlarla məsələni daha da gərginləşdirməyə çalışır. Biz qətiyyətlə bu məsələləri pisləyirik və İranın Azərbaycana olan münasibətində doğru və düzgün siyasət yeritməsinə çağırırıq”.









