İran və ABŞ arasındakı gərginlik davam edir.
Tribuna.az xəbər verir ki, Vaşinqton hədə ritorikasını saxlamaqla yanaşı, həm də iqtisadi cəhətdən İranı sıxmağa cəhd edir.
Tehran isə bu mərhələdə əsasən hərbi gücünü artırmaqla yanaşı, müharibə tərəfdarı olan şəxsləri vəzifələrə təyin edir. Ötəngün Möhsen Rezayinin Ali Təhlükəsizlik Şurasında katib təyin olunması və SEPAH-ın yenidən şəkilləndirilməsi də yerli ekspertlər tərəfindən müharibə hazırlığı kimi dəyərləndirilir.
“Wall Street Journal” isə yazır ki, İranın dini lideri Müctəba Xamineyinin yeni təyinatlar etməsi müharibə hazırlığının əlamətidir. “Xamenei yüksək vəzifəli təhlükəsizlik rəsmilərini dəyişdirməklə Amerika ilə müharibəyə davam etmək istəyir”.
“İran İnternational” kanalı isə hesab edir ki, İran müharibəsi yeni mərhələyə qədəm qoyur. “Müharibənin birinci mərhələsi hərbi idi. İkinci mərhələ Hörmüz boğazı idi. Üçüncüsü Bab əl-Məndəb idi. Dördüncü mərhələ isə iqtisadi qarşıdurma idi. İndi tədricən başqa bir mərhələ ortaya çıxır: enerji infrastrukturu və enerji təchizatı marşrutları uğrunda mübarizə”.
Fərda Uğur









