Koç və Sabancıdan əvvəl Türkiyənin ən varlı ailələrindən biri idi: İparların süqut hekayəsi

Koç və Sabancıdan əvvəl Türkiyənin ən varlı ailələrindən biri idi: İparların süqut hekayəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bu gün böyük sərvətləri ilə tanınan Koç və Sabancı ailələrindən əvvəl ölkənin ən varlı ailələrindən biri İparlar olub.

Tribuna.az xəbər verir ki,  Cumhuriyyətin ilk illərində böyük daşınmaz əmlakları, şirkətləri və ticarət əlaqələri ilə diqqət çəkən ailənin sərvəti 1960-cı il 27 May hərbi çevrilişindən sonra sürətlə azalıb.

Sərvətin təməli şəkər fabrikindən qoyuldu

İpar ailəsinin yüksəlişinin əsasını Mehmet Hayri İpar qoyub. 1886-cı ildə Mudanyada doğulan Hayri İpar Kurtuluş Savaşında iştirak etdikdən sonra hərbi xidmətdən ayrılaraq biznesə başlayıb.

1925-ci ildə əsası qoyulan Alpullu Şəkər Fabrikinin üç qurucusundan biri olan İpar qısa müddətdə böyük sərvət toplayıb.

1934-cü ildə Soyadı Qanunundan sonra İpar soyadını qəbul edən Hayri İpar İstanbulda çoxsaylı qiymətli mülklərə sahib olub. Ailənin əmlakları arasında Bebekdəki 80 dönümlük İpar Korusu, Cemil Topuzlu Köşkü, Teşviyədəki Park Apartmanı və Qalatasaraydakı Mısır Apartmanı da olub.

İparlar Mudanya Atəşkəs müqaviləsinin imzalandığı evi də satın alaraq 1936-cı ildə muzeyə çeviriblər.

ABŞ-a köçdülər

1939-cu ildə İkinci Dünya müharibəsinin başlaması ilə Hayri İpar Türkiyənin müharibəyə qoşula biləcəyindən və sərvətini itirə biləcəyindən ehtiyat edərək ailəsi ilə ABŞ-a köçüb.

Ailə Beverli-Hillsdə malikanə alıb. Hayri İpar burada Hollivudun tanınmış simaları ilə əlaqələr qurub.

Müharibə başa çatdıqdan sonra ailə 1945-ci ildə Türkiyəyə qayıdıb. Lakin Hayri İparın oğulları Ali və Mehmet ABŞ-da qalmaq qərarına gəlib.

Oğlu Hollivud ulduzu ilə evləndi

Ali İpar ABŞ-da olduğu müddətdə kino sahəsinə maraq göstərib və ssenari işlərində iştirak edib. William Rowlandın rejissoru olduğu “Woman in the Night” filminin çəkilişləri zamanı amerikalı aktrisa Virginia Bruce ilə tanış olub.

Cütlük daha sonra evlənib. Ailəsinin etirazlarına baxmayaraq Bruce ilə ailə quran Ali İpar atasının təkidi ilə həyat yoldaşı ilə birlikdə Türkiyəyə qayıdıb.

Lakin Virginia Bruce İstanbul həyatına uyğunlaşa bilməyib. Ali İpar hərbi xidmətə çağırıldıqdan sonra Türkiyədən ayrılan aktrisa sonradan ondan boşanıb.

İparların sərvəti daha da böyüdü

Bu dövrdə ailənin biznes fəaliyyəti də genişlənib. İparlar Türkiyənin iri şirkətlərindən olan Otosanın səhmdarları arasında yer alıb.

Hayri İpar yaşlandıqca biznesin idarəçiliyini oğlu Ali İpara verib. Ali İpar Demokrat Partiyası dövründə qurduğu əlaqələr və genişləndirdiyi kommersiya fəaliyyəti hesabına ailənin sərvətini daha da artırıb.

O, daha sonra gəmiçilik sektoruna da daxil olub. Xaricdən gəmi almaq üçün lazım olan valyutanı əldə etməkdə çətinlik çəkən İpar dönəmin baş naziri Adnan Menderesin xüsusi icazəsi ilə prosesə davam edib.

Türkiyəyə gətirilməsi planlaşdırılan beş böyük gəmidən yalnız üçü ailəyə təhvil verilib.

27 May çevrilişi ailənin taleyini dəyişdi

İpar ailəsinin taleyində dönüş nöqtəsi 27 May 1960-cı il hərbi çevrilişi oldu.

Ali İpar çevrilişdən sonra biznes fəaliyyətini davam etdirərək İpar Transport şirkətini yaradıb. Lakin qısa müddət sonra hərbi idarə tərəfindən valyuta əməliyyatları ilə bağlı araşdırmaya cəlb edilib.

O, həbs olunaraq Yassıadada Adnan Menderes və hökumətin bəzi üzvləri ilə birlikdə mühakimə olunub. Altı aydan çox həbsdə saxlanılan İparın əmlaklarına da əl qoyulub.

Ali İparın həyat yoldaşı Virginia Bruce onun azadlığa buraxılması üçün ABŞ-ın o vaxtkı vitse-prezidenti Richard Nixon-a məktub yazsa da, bu cəhd nəticə verməyib.

Məhkəmənin sonunda Ali İpar iki il həbs və ömürlük ticarət fəaliyyəti qadağası cəzasına məhkum edilib. İpar Transport şirkəti də müsadirə olunub.

Gəmilər Haliçdə çürüdü

Həbsdən çıxdıqdan sonra Ali İpar Türkiyəni tərk edib. Ailənin böyük ümidlərlə aldığı gəmilər isə dənizə çıxa bilmədən Haliçdə saxlanılıb və zamanla istifadəsiz vəziyyətə düşüb.

Beləliklə, Cumhuriyyətin ilk onilliklərində Türkiyənin ən varlı ailələri sırasında olan İparların böyük sərvəti 1960-cı illərdə baş verən siyasi və hüquqi hadisələrin ardından sürətlə dağılıb.

İmran Kərimli