İnsanlıq tarixinin ƏN PİS İLİ AÇIQLANDI

İnsanlıq tarixinin ƏN PİS İLİ AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Harvard Universitetinin tədqiqatçıları eramızın 536-cı ilini insanlıq tarixinin ən ağır dövrlərindən biri hesab edirlər. Həmin il baş verən nəhəng vulkan püskürməsi atmosferə böyük miqdarda kül və qaz yayaraq Günəş işığının qarşısını alıb, temperaturun kəskin düşməsinə və uzunmüddətli “vulkanik qış”a səbəb olub.

Tribuna.az Musavat.com-a istinadən xəbər verir ki, İsveçrə ilə İtaliya sərhədindəki Colle Gnifetti buzlağından götürülən nümunələr 536-cı ildə böyük vulkan püskürməsinin baş verdiyini göstərib. Atmosferdə yaranan kül və qaz təbəqəsi Avropa, Yaxın Şərq və Asiyanın böyük hissəsində Günəş işığının aylarla zəifləməsinə səbəb olub.

Dövrün Bizans tarixçisi Prokopius da Günəşin adi parlaqlığını itirdiyini və sanki tutulma zamanı olduğu kimi zəif göründüyünü yazıb.

Günəş işığının azalması temperaturun sürətlə aşağı düşməsinə gətirib çıxarıb. Araşdırmaya görə, həmin dövrdə son 2 300 ilin ən sərt soyuqlarından biri yaşanıb.

Soyuq hava kənd təsərrüfatına ağır zərbə vurub, məhsuldarlıq azalıb və genişmiqyaslı ərzaq çatışmazlığı yaranıb. Vəziyyət sonrakı illərdə baş verən yeni vulkan püskürmələri ilə daha da pisləşib.

Fəlakətlər bununla bitməyib. 541-ci ildə Aralıq dənizi hövzəsində Justinianus vəbası yayılıb. Epidemiyanın yaratdığı böyük insan itkisi və iqtisadi böhran Şərqi Roma İmperiyasının zəifləməsini sürətləndirən amillərdən biri olub.

Tədqiqatçılar hesab edirlər ki, 536-cı ildə başlayan iqlim və iqtisadi böhranın təsirləri təxminən bir əsr davam edib. Buz nümunələrində 640-cı ilə aid qatlarda qurğuşun izlərinin aşkarlanması həmin dövrdə gümüş hasilatı və metal emalının yenidən canlanmağa başladığını göstərir.

Beləliklə, 536-cı ildə başlayan fəlakətlər yalnız bir neçə ay davam edən iqlim hadisəsi deyil, uzunmüddətli sosial və iqtisadi böhran dövrünün başlanğıcı olub.