Tribuna.az xəbər verir ki, məşhur fransız aktrisa, sovet aktyoru, şair və müğənni Vladimir Vısotskinin həyat yoldaşı Marina Vladi 88 yaşında vəfat edib. Aktrisanın ölümünü onun yaxınları AFP agentliyinə təsdiqləyib.
Marina Vladi 1938-ci ildə Paris yaxınlığında Rusiyadan mühacirət etmiş ailədə anadan olub. O, ilk dəfə 11 yaşında İtaliya filmində rol alaraq kinoya qədəm qoyub.
Aktrisa karyerası ərzində Jan-Lük Qodar, Orson Uells və Bertran Tavernye kimi tanınmış rejissorlarla işləyib. O, həmçinin Marsello Mastroyanni ilə birlikdə çəkilib. Vladi “Cadugər”, “Klev şahzadəsi”, “Tutarlı sübutlar” və digər filmlərdə müxtəlif obrazları canlandırıb.
1963-cü ildə Marina Vladi Marko Ferrerinin “Arı ana” (“Evlilik yatağı”) filmindəki roluna görə Kann Film Festivalında mükafata layiq görülüb. 1965-ci ildə isə Moskva Beynəlxalq Film Festivalının münsiflər heyətində yer alıb.
Marina Vladi 1970-ci ildə məşhur sovet aktyoru, şair və müğənni Vladimir Vısotski ilə ailə qurub. Vısotski onun üçüncü həyat yoldaşı olub. Cütlüyün nikahı Vısotskinin 1980-ci ildə vəfatına qədər davam edib.
Aktrisa daha sonra Vısotskinin xatirələrindən bəhs edən “Vladimir, yaxud yarımçıq uçuş” kitabını yazıb. Marina Vladi həm Fransa, həm də keçmiş Sovet İttifaqında Vısotski ilə bağlı xatirələri və yaradıcılığı ilə tanınırdı.
İmran Kərimli













