Məlum olduğu kimi, “Səhliyalı”, “Ovçular” və “Kəndli” kolbasaları ilə bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin apardığı yoxlamalar bu məhsulların keyfiyyətsiz olduğunu üzə çıxarıb. Ən dəhşətlisi isə kolbasalarda üzərində donuz əti bəyan edilmədiyi halda tərkibində donuz DNT-si aşkarlanması olub. Həmçinin qurum aşkarlayıb ki, üzərində mal əti adı bəyan edilsə də, tərkibində toyuq DNT-si çıxıb.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib ki, Azərbaycanda istehsal olunan kolbasaların mənşəyi ilə bağlı ciddi araşdırmalara ehtiyac var. O qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı orqanlar ayrı-ayrı kolbasa firmalarının sexlərinə baş çəkməli, monitorinq aparmalı, yoxlama keçirməlidir:
“Çünki onların tərkibində müxtəlif inqridiyentlərdən istifadə olunması barədə məlumatlar olur.
Bəzən Hindistandan və müxtəlif ölkələrdən gələn zebr ətinin istifadəsi haqqında da məlumatlar eşidirik. Burada mal əti və ya toyuq ətindən belə istifadə edilmədiyi şübhələri var. Xaricdən gətirilən heyvanların, zebr ətinin istifadəsinə üstünlük verilir.

Sözsüz ki, bu da əhalinin və istehlakçıların hüquqlarının kobud formada pozulmasıdır. Yəni biz bilməliyik ki, əhaliyə hansı kolbasalar hansı sosiskalar yedizdirilir. Nəzərə almaq lazımdır ki, bu məhsullardan daha çox uşaqlar, yaşlılar istifadə edirlər, yeyirlər.

Biz ailəmizə nə alıb apardığımızı, nə alıb yediyimizi bilməliyik. Müəssisələr, şirkətlər, bu kimi firmaların rəhbərlikləri vətəndaşları aldatmaqla, insanların haqqını, hüquqlarını pozmaqla məşğuldur. Hesab edirəm ki, bu istiqamətdə daha ciddi araşdırmalara ehtiyac var. Çünki AQTA-nın açıqlamasından məlum olur ki, kolbasanın tərkibində mal əti yoxdur, amma üzərində bəyan edilib. Deməli, əhalini aldadırlar”.
Tribuna.az











