ADA Universitetində “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə maraqlı anlar yaşanıb. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, təhsil ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər.
Tribuna.az xəbər verir ki, tədbirdə ən çox diqqət çəkən məqamlardan biri Hafiz Paşayevin nazirə ünvanladığı zarafatyana fikirlər olub.
Belə ki, Hafiz Paşayev çıxışı zamanı bildirib ki, televiziya proqramlarında Emin Əmrullayevi tez-tez izləyir. Lakin etiraf edib ki, bəzən nazirin dediklərini başa düşməkdə çətinlik çəkir:
“Sizinlə bir yerdə sualllara cavab vermək mənim üçün də maraqlıdır. Çünki mən televiziyaya baxıram, suallara cavablarınızı izləyirəm, hərdən heç mən başa düşmürım nı deyirsiniz”.
Bu sözlər zalda gülüş və alqışlarla qarşılanıb.
Maraqlıdır ki, bu fikirlər uzun müddətdir çıxışlarında Azərbaycan cəmiyyətində oxuyub-anlama problemi olduğunu vurğulayan Emin Əmrullayevin özü haqqında səsləndirilib.
Nazir müxtəlif tədbirlərdə və müsahibələrində dəfələrlə bildirib ki, ölkədə insanların əhəmiyyətli hissəsi oxuduğunu tam mənimsəmir və bunu təhsilin əsas problemlərindən biri kimi qiymətləndirib.
Baş verən hadisə ictimai müzakirələrə də səbəb olub. Məsələ ilə bağlı münasibət bildirən Ağ Partiya Mərkəzi Aparatının üzvü Amirə Adil hesab edir ki, tədbirdə səslənən fikirlər təkcə zarafat kimi qiymətləndirilməməlidir.
Onun sözlərinə görə, akademik Hafiz Paşayevin bu çıxışı təhsil sahəsinə rəhbərlik edən şəxsə yönəlmiş ciddi mesaj kimi qəbul oluna bilər.
Amirə Adilin fikrincə, təhsil sistemi eksperiment meydanına çevrilməməli, bu sahəyə aydın baxışa, peşəkar idarəçiliyə və konkret nəticələr ortaya qoyan rəhbərlik təmin edilməlidir.
Qeyd edək ki, ADA Universitetində baş verən bu dialoq sosial şəbəkələrdə də geniş müzakirə olunub və istifadəçilər tərəfindən tədbirin ən yaddaqalan məqamlarından biri kimi qiymətləndirilib.
Gülşən Rəsul









