Yaponiyanın dağılmış Fukusima Atom Elektrik Stansiyasında üç ərimiş reaktordan birinin yeni görüntüləri qeydə alınıb.
Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, robot tərəfindən çəkilmiş kadrlarda reaktorun əsas daşıyıcı strukturunun qalın xarici beton divarının hissələrinin əriməsi və polad çubuqların aşkara çıxması göstərilir.
Ekspedisiya qrupu bölgədə daha bir güclü zəlzələ baş verərsə, reaktorun böyük problemə çevriləcəyindən narahatdır.
Qeyd edək ki, Fukusima nüvə fəlakəti 11 mart 2011-ci ildə Yaponiyanın ən böyük zəlzələsi nəticəsində baş vermişdi. 9.0 bal gücündə zəlzələnin yaratdığı nəhəng dalğalar Fukusima Atom Elektrik Stansiyasını vuraraq, reaktorları su basmış və böyük fəlakətə səbəb olmuşdu.
Səlahiyyətlilərin hesablamalarına görə, stansiyadakı üç reaktorda ümumilikdə 880 ton radioaktiv yanacaq qalığı var.










