FİNLANDİYANI DA UKRAYNANIN AQİBƏTİ GÖZLƏYİR? – EKSPERT ŞƏRH ETDİ…

FİNLANDİYANI DA UKRAYNANIN AQİBƏTİ GÖZLƏYİR? – EKSPERT ŞƏRH ETDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun son açıqlaması təhdidkar ritorikada olsa da, Finlandiyanın NATO-ya üzv olmasının ehtimal bir fin-rus gərginliyinə səbəb olmayacaq.

Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev bildirib. Finlandiyanın NATO-ya üzv olmasının səbəb ola biləcəyi problemlərdən danışan analitik qeyd edib ki, A.Qruşkonun “Əgər digər NATO üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, əlavə addımlar atacağıq” sözləri fin-rus gərginliyi mənasına gəlmir:

“Mümkündür ki, belə bir hal olacağı təqdirdə Rusiya da Finlandiya sərhədinə əlavə hərbi qüvvələr yerləşdirəcək. Yəni Qruşko “əlavə addımlar atacağıq” deyərkən bunu nəzərdə tutur.

Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub. Sadəcə, indi hüquqi prosedurlar icra edilir. Yəni Rusiyanın bundan sonra Finlandiya ilə gərginlik yaratması birbaşa NATO ilə gərginlik yaratmaq deməkdir. Çətin ki, Kreml NATO ilə birbaşa gərginliyi gözə alsın.

Rusiya yaxşı bilir ki, Finlandiya Ukrayna deyil. Bu ölkə həm rifah səviyyəsinə görə, həm də sosial baxımdan dünyanın ən sabit ölkəsidir.

Finlandiya ardıcıl beş ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir. Yəni Rusiya bu ölkədə daxili sabitliyi poza bilməz. Digər tərəfdən Finlandiyada etnik münaqişə də yoxdur. Ümumiyyətlə isə belə bir münaqişəni yaradacaq əsas da yoxdur”.

T.Rzayev bildirib ki, Finlandiya coğrafi olaraq çətin relyefə və iqlimə malikdir. Kreml çətin ki, bu reallıqları bilə-bilə Finlandiya ilə gərginliyə girsin:

“Finlandiya Prezidenti Sauli Niinistö deyib ki, ölkəsinin NATO-ya daxil olması hansısa ölkəyə qarşı yönəlməyib. Niinistönun bu açıqlaması Finlandiya tərəfinin də Rusiya ilə gərginliyə getmək istəmədiyini göstərir”.