ETN-ə uğur lazım deyil?

ETN-ə uğur lazım deyil?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhvlərdən nəticə çıxarmaq uğurun əsasıdır”.

(E. Əmrullayev)

Bizim təhsilimiz müstəqillik illərində elə səhvlərə yol verilib ki, onu nə anlamaq, nə də normal məntiqlə izah etmək mümkün deyil. Belə fundamental səhvlər çox olub, burada yalnız 3 səhvi qeyd edəcəyik:

1. Distant təhsilin bu günə qədər cahilliklə qadağan edilməsi (23 il İnsan kapitalının inkişafından, son illər rəqəmsal transformasiyadan, süni intellektdən və innovativ inkişafdan danışan və buna ildə 5 milyarddan çox vəsait sərf edən ölkənin təhsil sisteminin belə absurd qərar qəbul etməsi normal məntiqə və milli maraqlara ziddir).
Dünya süni intellekt əsaslı adaptiv distant təhsildən fəxrlə danışdığı bir dönəmdə, biz 25 ildir distant təhsilə nadancasına qoyduğumuz qadağalarla fəxr edirik.

2. Azərbaycan təhsilində çox götür-qoydan sonra nəhayət ki, tariximizdə ilk dəfə olaraq, 2012-ci ildə ali təhsil problemlərinə dair jurnal nəşr edilməyə başlandı: “Ali təhsil və cəmiyyət” adlı rüblük nəşr edilən jurnal.
Bu maraqlı və lazımlı jurnalın ömrü çox qısa oldu. Cəmi 3 nömrəsi dərc edildi (redaksiyanın sifarişi ilə 3 nömrədə 2 məqaləmiz də dərc edilmişdi). “Təhsil islahatları”nın 2013-cü ildə başlayan növbəti dalğasının
ilk zərbəsi elə bu jurnala dəydi. Jurnal heç bir izahat verilmədən, səbəb göstərilmədən bağlandı.
50 universiteti olan ölkənin hələ də ali təhsil problemlərini müzakirə edən bir jurnalı, hər hansı platforması, elmi problemlərini müzakirə edən beyin mərkəzi yoxdur. Belə bir şəraitdə universitetlırimizin bu günkü ağır duruma düşməsi çox təbiidir. Mən bu addımdan sonra növbəti illərdə təhsilimizi nələr gözlədiyini anladlm.

3. İstənilən ölkənin təhsil sisteminin normal fəaliyyəti və inkişafı, təhsil islahatlarının səmərıli olması üçün bu proseslərin elmi təminatına ehtiyac var, xüsusən də indiki dövrdə, qlobal olaraq təhsildə radikal islahatlar getdiyi zamanda. Belə bir məsul dövrdə (10-12 il əvvəl), təhsil, elm, təhsil elmləri sahəsində heç bir nəzəri bilikləri və təcrübəsi olmayan, elmi dərəcəsiz bir nəfəri, təhsil elmləri üzrə ölkənin yeganə elmi mərkəzinə (ARTİ) direktor təyin edilməsi, onun da sonrakı illərdə bu institutu sistemli şəkildə çökdürməsi, sonra da estafeti özü kimi bir başqasına ötürməsi təhsil tariximizdə bağışlanmaz çox böyük səhv idi.

ETN bu 3 ciddi səhvini düzəltsə, gələcəkdə digər NxN qədər səhvlərini də bir-bir konkret yazacağıq, İnşaAllah. Axı…
“Səhvlərdən nəticə çıxarmaq uğurun əsasıdır”.
(E. Əmrullayev)

Görünür ETN-ə uğur lazım deyil.