Ermənistan xüsusi xidmət orqanlarının keçmiş yüksək rütbəli zabitləri Azərbaycan tərəfindən narahatdır və Ermənistan hakimiyyətindən müvafiq tədbirlər görməsini tələb edirlər.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın “Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər İttifaqı” ictimai təşkilatı bəyanat yayaraq, respublikanın hakimiyyət orqanlarından KTMT-yə yardımla bağlı sənədlər paketini imzalamağı və lazım gəldikdə təşkilata müraciət etməyi tələb edib.
Ermənistan xüsusi xidmət orqanlarının keçmiş yüksək rütbəli zabitləri olan ictimai strukturun üzvləri Azərbaycanın hərbi hazırlıqlarından və rəsmi Bakının Ermənistana qarşı yeni təcavüzə zəmin hazırlamasından narahat olduqlarını bildiriblər.
Müəlliflər qeyd edirlər ki, 2022-ci ilin noyabrında Ermənistanın baş naziri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında sənəd layihəsini imzalamaqdan imtina edərək, KTMT-nin Azərbaycanın hərəkətlərini təcavüz kimi qiymətləndirmədiyini izah edib. Lakin bundan sonra həm KTMT-nin baş katibi, həm də Rusiyanın xarici işlər naziri bəyan etdilər ki, KTMT missiyasının yerləşdirilməsi planı hələ də masadadır və o, 1-2 gün ərzində yerləşdirilə bilər.
“Mövcud reallıqları nəzərə alaraq, biz Nikol Paşinyana KTMT yardım paketinin imzalanması tələbi ilə müraciət edirik, lazım gələrsə, Ermənistan və Azərbaycan arasındakı bütün təmas xətti boyunca sülhməramlı kontingentin yerləşdirilməsi xahişi ilə KTMT-yə müraciət edirik. Ölkə üçün fəlakətli nəticələrə görə bütün məsuliyyət Paşinyanın üzərinə düşür”, – bəyanatda deyilir.
KTMT-nin yardımını qəbul etməkdən imtina etdiyi halda, Ermənistan hakimiyyəti bu sənədlər paketini ictimaiyyətə açıqlamalı və imzalamaqdan imtinanın səbəblərini aydın əsaslandırmalıdır.









