Ərbəin ziyarəti: Dünyanın ən böyük dini yürüşünün bilinməyən tərəfləri

Ərbəin ziyarəti: Dünyanın ən böyük dini yürüşünün bilinməyən tərəfləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il milyonlarla insanın qatıldığı Ərbəin ziyarəti dünyanın ən böyük illik dini yürüşü hesab olunur. İştirakçıların sayı bəzi illərdə 20–25 milyonu keçib ki, bu da onu dünyanın ən böyük kütləvi dini tədbirlərindən birinə çevirir.

Bu ziyarət Məhərrəm ayının 10-da – Aşura günü Kərbəla hadisəsində İmam Hüseynin (ə) və silahdaşlarının şəhid edilməsinin 40-cı günündə keçirilir. “Ərbəin” sözü ərəb dilində “qırx” mənasını verir və Səfər ayının 20-ci gününə təsadüf edir.

Ərbəin ziyarətinin tarixi

Ərbəin ziyarətinin tarixi hicri 61-ci ilə (680-ci il) gedib çıxır. Rəvayətlərə görə, Kərbəla hadisəsindən 40 gün sonra Peyğəmbərin (s) səhabəsi Cabir ibn Abdullah əl-Ənsari İmam Hüseynin (ə) məzarını ziyarət edən ilk şəxs olub. Sonrakı əsrlərdə bu ziyarət şiə müsəlmanlarının ən mühüm dini ənənələrindən birinə çevrildi. XX əsrdə İraqda Səddam Hüseyn hakimiyyəti dövründə yürüş uzun illər qadağan olunsa da, 2003-cü ildən sonra yenidən bərpa edildi və qısa müddətdə dünyanın ən böyük illik dini yürüşünə çevrildi.

Ərbəin ziyarətinin əsas ünvanı İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseynin (ə) məqbərəsidir. Zəvvarların böyük əksəriyyəti Nəcəfdən Kərbəlaya qədər olan təxminən 80 kilometrlik yolu piyada qət edir. Bəzi zəvvarlar isə Bəsrə, Bağdad və digər şəhərlərdən yola çıxaraq 300–500 kilometr, hətta daha uzun məsafələr qət edirlər. Bu yürüş sevgi, sədaqət, səbir və fədakarlığın rəmzi hesab olunur.

Yolboyu zəvvarlara xidmət göstərən on minlərlə mövkib (zəvvarlara yemək, su, çay, istirahət yeri, tibbi yardım və digər xidmətləri tamamilə ödənişsiz təqdim edən könüllü xidmət məntəqələri) fəaliyyət göstərir. Burada yemək, su, çay, meyvə, istirahət yeri, tibbi yardım, hətta bəzi məntəqələrdə ayaq masajı və geyim xidməti belə pulsuz göstərilir. Minlərlə ailə və xeyriyyəçi bu xidmətləri ilboyu topladıqları vəsait hesabına təşkil edir və bunu böyük savab və mənəvi borc hesab edir.

Son illərdə Ərbəin yürüşü təkcə dini ziyarət kimi deyil, həm də dünyanın ən böyük piyada yürüşlərindən biri kimi beynəlxalq diqqət mərkəzinə çevrilib. Hər il 100-dən çox ölkədən zəvvar, jurnalist, fotoqraf, sənədli film müəllifi və səyahətçi bu möhtəşəm yürüşə qatılır və ya onu işıqlandırmaq üçün İraqa gəlir. Uzun məsafəli yürüşlərə maraq göstərən xarici hiking və trekking həvəskarları da bu marşruta böyük maraq göstərirlər.

Nəcəfdən Kərbəlaya gedən yol boyunca 1452 nömrələnmiş dirək yerləşir. Zəvvarlar bu dirəklər vasitəsilə qət etdikləri məsafəni müəyyənləşdirirlər. Yürüş günlərində Kərbəla şəhərinin əhalisi bir neçə dəfə artır və şəhər milyonlarla zəvvarı qəbul edir.

Maraqlıdır ki, Ərbəin yürüşündə təkcə şiələr deyil, sünnilər, eləcə də müxtəlif dinlərin nümayəndələri və turistlər də iştirak edirlər. Onları bir araya gətirən əsas dəyərlər ədalət, azadlıq, fədakarlıq və insan həmrəyliyidir.

İmam Hüseynin (ə) Kərbəla qiyamı müsəlmanlar tərəfindən haqq, ədalət və fədakarlığın simvolu kimi qəbul edilir. Qurani-Kərimdə buyurulur: “Allah yolunda öldürülənlərə “ölülər” deməyin. Əksinə, onlar diridirlər…” (“Bəqərə” surəsi, 154-cü ayə). Həmçinin “Allah yolunda öldürülənləri əsla ölü hesab etmə…” (“Ali-İmran” surəsi, 169-cu ayə) buyurulur. Bu ayələr Allah yolunda canından keçənlərin uca məqamını ifadə edir və Ərbəin ziyarətinin mənəvi mahiyyəti ilə səsləşir.

Ərbəin ziyarəti zamanı xidmət və qonaqpərvərlik təcrübəsi İraqın təqdimatı ilə 2019-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

İmran Kərimli