Son günlər sosial şəbəkələrdə gedən müzakirələr və qalmaqallardan sonra iki veriliş – Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tolikin isə Space TV-də ekrana çıxan “Tarixin bir günü” proqramları bağlanıb.
Tribuna.az xəbər verir ki, bu hadisə təkcə bir proqramın bağlanması deyil. Bu, illərdir davam edən bir tendensiyanın – reytinq naminə etik çərçivələrin aşılması, şəxsi həyatların nümayişkaranə şəkildə müzakirəsi, qalmaqalın informasiya dəyərini üstələməsi – məntiqi nəticəsi kimi qiymətləndirilir.
Tamaşaçı artıq yorulub və bezib. Son illər Azərbaycan televiziya məkanında həm şou, həm də sosial adı altında təqdim olunan bir sıra proqramlar maarifləndirməkdən çox, sensasiya yaratmağa hesablanmış məzmunla yadda qalıb.
Ailə dramlarının efirə daşınması, insanların şəxsi faciələrinin studiya dekorasiyasına çevrilməsi, emosional manipulyasiyalar – bütün bunlar tamaşaçıda ciddi narazılıq formalaşdırıb.
Həmçinin belə verilişlərin aparıcılarının efirdə nöqsanlara yol verməsi, sosial şəbəkə hesablarında açdıqları canlı yayımlarda təhqiredici fikirlər səsləndirməsi ikrah hissi oyadırdı.
Elgiz–Tolik layihələrinin dayandırılması bu narazılığın ilk institusional reaksiyası kimi görünür.
Amma əsas sual indi yaranır:
Növbə kimindir?
Bu gün oxşar üslub və məzmun xətti ilə yayımlanan proqramlar hələ də efirdə qalmaqdadır.
Belə verilişlərdən biri də ATV kanalında Zaur Nəbioğlunun aparıcılıq etdiyi “Rəngarəng” verilişidir. Çağırılan qonaqların səviyyəsi, aparıcının verdiyi suallar, müzakirə olunan mövzular və bilərəkdən başladılan qalmaqallar mütəmadi narazılığa səbəb olur.
ARB kanalında Zaur Kamalın aparıcısı olduğu veriliş də tez-tez sosial şəbəkələrdə mübahisəli süjetləri ilə tənqid olunur.
Həmçinin ATV kanalında yayımlanan “Bizimləsən” proqramı və onun aparıcısı Zaur Baxşəliyev də dəfələrlə ictimai müzakirələrin hədəfinə çevrilib.
ARB TV-də yayımlanan “Səni axtarıram” layihəsi və aparıcısı Xoşqədəm Hidayətqızının da gündəmsə saxladığı, müzakirəyə çıxardığı şəxslər tez-tez tənqid edilib. Onun ailə və münasibət mövzularını dramatik təqdimat üslubu ilə gündəmdə saxlaması ikrah hissi oyadıb.
Xəzər TV ekranında Lalə Azərtaşın apardığı “Təsir dairəsi” proqramı ds zaman-zaman sərt ictimai reaksiyalarla qarşılanıb.
Media mütəxəssisləri hesab edir ki, bu kimi verilişlər zamanla efirdən yığılmalıdır. Bayağı şou və ailədaxili problemlərin sosial məsələ kimi gündəmə çevrilməsinim qarşısını ancaq bu formada almaq olar.
Mütəxəssislər hesab edir ki, narazılıq yaradan bu iki verilişin dayandırılması başlanğıcdır. Ardınca narazılıq yaradan digır şou və sosial verilişlər efirdən tamamilə yığışdırılacaq.
Gülşən Rəsul









