Yeni il bayramı ilə əlaqədar hər il təşkil olunan bayram yarmarkaları yekunlaşıb.
Tribuna.az xəbər verir ki, dekabrın 3-dən start götürən yarmarkalar əslində paytaxt sakinləri üçün bayram məhsullarının daha ucuz satışını təşkil etmək məqsədilə qurulmuşdu.
Eldar Əzizov münasib qiymət adıyla qurdurduğu yarmarkalara bayram ərəfəsində vətəndaşları cəlb etdi. Ancaq qiymətlər heç də gözlənildiyi kimi münasib olmadı.
Yarmarkanın əsas özəlliyi buradakı məhsulların qiymətinin digər satış yerlərinə nisbətən daha münasib qiymətə təklif edilməsi olmalıydı. Amma müşahidələrimiz və alıcı narazılıqları onu deməyə əsas verdi ki, yarmarkadakı qiymətlər market qiymətlərindən fərqlənməyib. Qiymətlər olduqca baha idi. Vətəndaşa heç bir güzəşt və endirim edilmirdi. Xüsusilə əhalinin aşağı gəlirli təbəqəsinin müraciət etdiyi bayram yarmarkalarının təkcə adı yarmarka idi. Eldar Əziziov bu dəfə də yarmarka adı altında vətəndaşları aldatmağı bacardı.
28 May, Gənclik və digər metro stansiyalarının ətrafında yaradılmış bayram çadırlarında qiymətlər həm də yarmarkanın təşkil edildiyi əraziyə uyğun olaraq müəyyən edilmişdi. Yarmarkalarda market qiymətindən aşağı heç bir məhsul tapmaq mümkün deyildi.
Bakı meriasının təşkil etdiyi bu yarmarkaları artıq əlavə iş, vaxt itkisi və əlavə yer zəbti hesab etmək olar. Çünki faktiki olaraq heç bir işə yaramayan, qiymətləri od tutub yanan, ucuz qiymətə nə isə tapmaq mümkün olmayam bu yarmarkalar vətəbdaşı aldadaraq cibinə girməkdir.
Kəskin qiymət artımının müşahidə edildiyi bir vaxtda E.Əzizovun əhalini bayram çadırlarındakı yüksək qiymətlərlə aldatmsı vətəndaşa daha bir zərbə oldu.
Tribuna.az









