Dubayda “qızıl küçə”nin açılması planlaşdırılır. Bu layihə Deyra rayonunda yerləşən məşhur Qızıl Bazarın yenidən brendləşdirilməsini nəzərdə tutan Dubai Gold District çərçivəsində həyata keçiriləcək. Bu barədə Euronews məlumat yayıb.
Tribuna.az xəbər verir ki, məlumata görə, tikinti zamanı qızıldan istifadə olunacağı vəd edilsə də, onun hansı formada tətbiq ediləcəyi hələlik açıqlanmayıb. Sözügedən ərazi təxminən minə yaxın qızıl və zərgərlik məmulatları satıcısını bir araya gətirir. Küçənin açılış tarixi isə hələ elan edilməyib.
Dubay hakimiyyəti bildirir ki, qızıl şəhərin mədəni və biznes irsinin ayrılmaz hissəsidir və emirliyin rifahını, eləcə də sahibkarlıq ruhunu simvolizə edir.
Qeyd edək ki, Dubay artıq Burc Xəlifə, Ain Dubai müşahidə çarxı və yaxın vaxtlarda açılan dünyanın ən hündür hoteli – Ciel Dubai Marina kimi irimiqyaslı memarlıq layihələri ilə dünyada tanınır.
İmran Kərimli









