Günəş enerjisi planetdə səhralaşmaya qarşı mübarizədə effektiv vasitə ola bilər.
Bu gün günəş enerjisi olduqca perspektivli sahə hesab olunur. Bununla belə, günəş panellərinin istismarı zamanı və xüsusilə onların istismar müddəti başa çatdıqdan sonra ətraf mühitə təsiri ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Lakin ən azı bəzi hallarda günəş panellərinin ekologiya üçün nəzərəçarpacaq müsbət təsir göstərdiyi görünür.
Tribuna.az xəbər verir ki, Bu barədə Futura Sciences yazır.
Çinin qərbində yerləşən Talatan səhrasında aparılan yeni tədqiqat göstərib ki, orada quraşdırılan günəş panelləri torpağın tərkibini dəyişərək və bitki örtüyünün inkişafına şərait yaradaraq özünəməxsus mikroiqlim formalaşdırıb.
Sian Texnologiya Universitetinin alimləri səhranın məhsuldar olmayan ərazisində geniş sahəni əhatə edən, gücü 1 giqavat olan iri günəş elektrik stansiyasını araşdırıblar. Tədqiqat qrupu torpağın kimyəvi tərkibi, temperatur, rütubət və biomüxtəliflik də daxil olmaqla 57 ekoloji göstəricini təhlil edib.
Araşdırma nəticələri göstərib ki, günəş panellərinin birbaşa altında yerləşən torpağın ümumi “sağlamlıq” göstəricisi açıq səhrə torpağı ilə müqayisədə iki dəfə daha yaxşıdır. Bunun səbəbi kifayət qədər aydındır: panellər daimi kölgə yaradır, torpaqda rütubəti saxlayır və temperaturu aşağı salır. Səhrada suyun onsuz da az olduğu şəraitdə bu cür dəyişikliklər bitkilərin böyüməsinə və torpağın münbitliyinə təsir edən mikroskopik orqanizmlərin inkişafına ciddi töhfə verir.
Tədqiqatçılar hesab edirlər ki, iri günəş elektrik stansiyaları təkcə insan sivilizasiyası üçün enerji mənbəyi deyil, eyni zamanda səhralaşmış ərazilərin bərpası üçün də vasitə ola bilər. Bununla yanaşı, alimlər bu təsirin uzunmüddətli dövrlərdə daha dərindən öyrənilməsinin vacibliyini vurğulayırlar. Onlar qeyd edirlər ki, hər səhranın özünəməxsus xüsusiyyətləri var və bu effekt hər yerdə eyni olmayacaq.
İmran Kərimli









