Cibgirliyin ən çox yayıldığı şəhərlər açıqlandı-Turistlərin diqqətinə

Cibgirliyin ən çox yayıldığı şəhərlər açıqlandı-Turistlərin diqqətinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur turizm şəhərləri və görməli yerlər hər il milyonlarla səyahətçini cəlb edir. Lakin izdiham cibgirlər və dələduzlar üçün də əlverişli şərait yaradır.

Tribuna.az yazır ki, Daily Mail nəşrinin yazdığına görə, Compare the Market qiymət müqayisə xidməti turistlərin oğurluq riski ilə ən çox üzləşdiyi şəhərlərin reytinqini hazırlayıb.

Reytinqə Fransanın paytaxtı Paris başçılıq edir. “Sevgi şəhəri” kimi tanınan Parisdə cibgirlərin ən fəal olduğu məkanlar Eyfel qülləsi və Monmartr rayonudur.

İkinci yerdə ABŞ-ın Las-Veqas şəhəri qərarlaşıb. Kazinoları və gecə həyatı ilə məşhur olan şəhər turistlər arasında oğurluq və dələduzluq halları ilə bağlı narahatlığın yüksək olduğu məkanlardan biri hesab edilir.

Üçüncü pillədə isə Nyu-York yer alıb. Turistlər burada daha çox soyğunçuluq, dələduzluq və şəxsi əşyaların itirilməsi riskindən narahat olduqlarını bildiriblər.

İtaliyanın paytaxtı Roma da cibgirlərin ən fəal olduğu şəhərlər sırasındadır. Xüsusilə aşağıdakı məkanlarda diqqətli olmaq tövsiyə edilir:

Roma Termini dəmiryolu vağzalı;
Trevi fəvvarəsi;
Kolizey;
İspan pilləkənləri.
ABŞ-ın Los-Anceles şəhəri beşinci yerdə qərarlaşıb. Burada xırda cinayət halları, xüsusilə gecə həyatı olan ərazilərdə və Hollywood Bulvarında daha çox qeydə alınır.

London da riskli şəhərlər sırasındadır. Mütəxəssislər bildirirlər ki, cibgirlər burada adətən qrup halında fəaliyyət göstərir və insanların diqqətini yayındıraraq oğurluq edirlər. Xüsusilə alış-veriş mərkəzlərində və izdihamlı yerlərdə ehtiyatlı olmaq tövsiyə olunur.

Yunanıstanın paytaxtı Afina da turistlər üçün təhlükəli şəhərlərdən hesab olunur. Ən yüksək risk Akropol ətrafında müşahidə edilir.

Siyahıda səkkizinci yeri Sofiya tutur. Bolqarıstan paytaxtında turistlər cibgirliklə yanaşı, taksi qiymətlərinin süni şəkildə artırılması və valyuta mübadiləsi zamanı dələduzluq halları ilə də üzləşə bilərlər. Xüsusilə Mərkəzi Dəmiryolu Vağzalı, Mərkəzi Avtovağzal və Şir körpüsü ətrafında axşam saatlarında diqqətli olmaq tövsiyə edilir.

Barselona uzun illərdir cibgirlərin fəallığı ilə tanınır. Ən riskli ərazilər bunlardır:

La Rambla bulvarı;
Kataloniya meydanı;
Qotik məhəllə;
Karrer-Monkada küçəsi.
Yerli polisə görə, 2023-cü ildə Barselonada qeydə alınan bütün cinayətlərin 48,1 faizi cibgirlik hadisələri olub.

Reytinqi Niderlandın paytaxtı Amsterdam tamamlayır. Riskli ərazilər arasında Dam meydanı, Mərkəzi Vağzal, Rijksmuseum və gecə saatlarında Qırmızı Fənərlər Məhəlləsi göstərilir.

Mütəxəssislər turistlərə izdihamlı yerlərdə diqqəti yayındırmağa yönəlmiş hərəkətlərə qarşı ayıq olmağı, qiymətli əşyaları açıq nümayiş etdirməməyi və sənədlərini təhlükəsiz yerdə saxlamağı tövsiyə edirlər.

İmran Kərimli