Avropanın ən sabit və inkişaf etmiş ölkələrindən olan İsveçrədə miqrasiya böhranı və sürətli əhali artımı rəsmi qurumları hərəkətə keçirib. Ölkədə əhalinin sayını 10 milyon nəfərlə məhdudlaşdırmaq məqsədilə xüsusi qanun layihəsi ümumxalq səsverməsinə çıxarılır.
Tribuna.az xarici mediaya istinadla xəbər verir ki, mühafizəkar sağmeylli İsveçrə Xalq Partiyası (SVP) və onun tərəfdarları tərəfindən irəli sürülən miqrasiyanın məhdudlaşdırılması təşəbbüsü yaxın günlərdə referanduma çıxarılacaq. Partiya rəsmiləri son 20 ildə ölkədə qeydə alınan təxminən 1,7 milyonluq əhali artımının demək olar ki, tamamilə xarici miqrasiya hesabına baş verdiyini bildirirlər.
SVP-nin iddiasına görə, nəzarətsiz artım ölkədə ciddi sosial və infrastruktur problemlərinə yol açıb. Hazırda İsveçrədə kəskin mənzil böhranı yaşanır, kirayə qiymətləri sürətlə yüksəlir və yollarda nəqliyyat sıxlığı pik həddə çatıb. Eyni zamanda, həddindən artıq urbanizasiya, ictimai nəqliyyatın yüklənməsi və səhiyyə sistemi üzərindəki böyük təzyiq də əhalinin narazılığına səbəb olan əsas amillər sırasındadır.
Mənzil çatışmazlığı və infrastrukturun yüklənməsindən təngə gələn İsveçrə vətəndaşlarının böyük əksəriyyəti ölkə əhalisinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü dəstəkləməyə meyillidir.
milli.az









