“Bizi qaranlıq keçmişdən Məhəmməd Əmin Rəsulzadə qopara bildi” – Fazil Mustafa

“Bizi qaranlıq keçmişdən Məhəmməd Əmin Rəsulzadə qopara bildi” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçilik düşüncəsinin formalaşması və cəmiyyətdə tarixə, dinə münasibətlə bağlı fikirlərini bölüşüb.

Tribuna.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, insan indi anlayır ki, Azərbaycan Cümhuriyyətini hansı böyük düşüncə adamları, hansı ağrılarla-acılarla qurublar:

“Bir tərəfdə kütləvi din cəhaləti, digər yanda oxumuşların tarix xurafatı, kütləvi savadsızlıq, rus, fars, osmanlı zehniyyətinin daşıyıcısı olan oxumuşlar, az sayda Avropanın elmi mədəniyyətini bağıran aydınlar, ortada qrammatikası yazılmış dil yox, sağlam bədii mətnlər çox az sayda, nümunə üçün bir elmi dərgi yox, bir ensiklopediya nümunəsi yox, üstəlik də ordu təcrübəsi keçmiş az sayda zabit heyəti…”.

Fazil Mustafa qeyd edib ki, bütün bu çətinliklər fonunda qısa müddətdə “Azərbaycan” siyasi adının müəyyənləşdirilməsi böyük zəka hadisəsi olub:

“3-4 il içində ideoloji müzakirələrdən və mübahisələrdən keçərək “Azərbaycan” siyasi adını kəşf edən böyük kişilər, siz bu üstün zəkanı qısa bir müddətdə necə bir araya gətirmisiniz? Heyrətamiz deyilmi? Arxada hansısa ciddi dövlət təcrübəsi olmadan, iki kişinin – Mirzə Fətəlinin və Həsən bəy Zərdabinin 10-15 faizlik əqli potensialının məhsulları üzərində bu dövlət ideyası ərsəyə gəlmiş”.

O, Azərbaycan adının seçilməsini milli dövlətçilik baxımından mühüm hadisə kimi qiymətləndirib və Məhəmməd Əmin Rəsulzadənin rolunu xüsusi vurğulayıb:

“Məhəmməd Əmin bəyin millətimiz qarşısında ən böyük xidməti bizi qaranlıq keçmişdən qopara bilməsi oldu. Bəlkə də O, eyni nəhəng vizyonu Türkiyədə etmiş Atatürk qədər cümhuriyyəti yaşada bilsəydi, biz daha aydın bir millətə dönüşərdik”.

Deputat müasir dövrdə tarixə münasibətin də tənqidə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, keçmişə həddindən artıq aludəçilik cəmiyyətin realist baxışdan uzaqlaşmasına səbəb ola bilər.

“İndi idol hesab etdikləri qəbirlərə doğru kilometrlərlə yürüdüyü addımların sayı ilə qürrələnənlər var. Elmə, düşüncəyə doğru bir addım yürüməyə tənbəllik etməkdən utanmayan əksər cəmiyyət üzvlərimiz…” – Fazil Mustafa qeyd edib.

Deputat Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Sabir, Məhəmməd Əmin Rəsulzadə və Üzeyir Hacıbəylinin yarımçıq qalmış maarifçilik missiyasının davam etdirilməsinin vacibliyini vurğulayıb:

“Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Sabirin, Məhəmməd Əmin bəyin, Üzeyir bəyin varlığımız, müstəqilliyimiz, sağlam düşüncəmiz üçün zəruri olan, zamanın şərtlərinə, ömrün vəfasına və Şeyx Nəsrullah tərəfdarlarının bolluğuna görə tamamlaya bilmədikləri Çağdaşlıq Kitabımızı sağlam düşüncə ilə zənginləşdirməyə çalışaq.

Unutmayaq ki, aydınlanma geniş bir səbr və iradə tələb edən bir sürəcdir. Ona görə də bu yolda öz məsuliyyətini anlayan dostlarımıza tövsiyəm budur ki, doğruları anlatmağa daha böyük iradə ilə davam edin. Mətnlər, kitablar yazmağa davam edin.

Elə bu iradə ilə də yeni kitab üzərində işləyirəm. Unutmayın, din cəhalətinin, siyasi və sosial qaragüruhçuluğun, yanlış tarix şüurunun qarşısına qoyulacaq yalnız bir nəsnə var. Onun da adını Mirzə Cəlil hayqırmış!”.

Gülşən Rəsul