Bir dəfə Balaxanıda… Neft buruqlarının arxasında gizlənən nağıl -FOTO,VİDEO

Bir dəfə Balaxanıda… Neft buruqlarının arxasında gizlənən nağıl – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda “Калейдоскоп талантов” (“İstedadlar kaleydoskopu”) layihəsinin rəhbəri Səbinə xanım məni jurnalist qismində Yanardağa və Balaxanıya təşkil olunan tura dəvət etdi. Açığı, bu məkanları ziyarət etmək çoxdan arzuladığım səfərlərdən biri idi, amma istəyimi reallaşdırmaq hər dəfə bir səbəbdən alınmırdı.

Abşeronun tarixi, təbiəti və özünəməxsus yaşayış məntəqələri ilə yaxından tanış olmaq, haqqında oxuduğum məkanları öz gözlərimlə görmək həmişə mənə maraqlı olub.

Üstəlik, əvvəllər bir neçə turda iştirak edən adam kimi deyim ki, indi Azərbaycanın hər yerinə çoxlu sayda, özü də münasib qiymətə turlar təşkil olunsa da, onların əksəriyyəti çox şablon olur və əksər vaxtlarda reklamlarında göstərildiyi kimi heç də gözəl yox, əksinə, mənfi mənada “yaddaqalan” olur.

Bir qayda olaraq, belə turlar adamı peşman edir. Çünki əksər turlar gözlədiyin kimi olmur, səyahət çox vaxt yüksək səslə mahnı qoşub avtobusda oynamaqdan, yalnız əyləncədən ibarət olur, hətta bələdçilərin getdikləri yerlərin tarixi haqqında heç bir təsəvvürü olmur.

Hiss edirsən ki, tur təşkilatçısı yalnız pul qazanmağı düşünür, turizmdən təsəvvürü, səriştəsi belə yoxdur.

Halbuki tur təşkil etmək yalnız insanları bir məkandan digərinə aparmaq deyil. Əsas məsələ iştirakçılara yeni biliklər qazandırmaq, onlarda xoş təəssürat yaratmaq və səfəri yadda qalan etməkdir.

Amma Səbinə xanımın təşkil etdiyi tədbirlərdə iştirak etdiyimdən onların çox səviyyəli, pozitiv, kreativ və maraqlı olduğunu bilirdim.

Bundan başqa, bilirdim ki, Səbinə xanım həmişə işinə məsuliyyətlə, yaradıcı və ürəklə yanaşır. Onun təşkil etdiyi tədbirlər həqiqi mənada yaddaqalan olur.

Və məhz buna görə, həm də bazar gününə düşdüyündən və başqa planım olmadığından mən məmnuniyyətlə onun təklifini qəbul etdim. Budəfəki tur da gözləntiləri doğrultdu, həqiqi mənada yaddaqalan oldu. İştirakçılar xoş anlar yaşadılar.

Həmin gün yağışlı hava olsa da, bu, səfərimizin əhvalını korlamadı, əksinə, yağış səyahətə bir az da rəng, romantika qatdı.

Kiçik qrup şəklində yola çıxmağımız hər kəslə ünsiyyət qurmağa, məkanları daha rahat gəzməyə və ekskursiyadan maksimum zövq almağa imkan verdi.

Yanardağ – torpağın qoynundan yüksələn alov

İlk dayanacağımız Məhəmmədi kəndinin qərb hissəsində yerləşən Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu oldu. Bakı şəhərinin mərkəzindən təxminən 27 kilometr məsafədə yerləşən bu təbiət möcüzəsi Abşeronun ən qeyri-adi görməli yerlərindən biridir.

Yanardağda alov torpağın dərinliklərindən səthə çıxan təbii qazın çatlar vasitəsilə yanması nəticəsində yaranır. Geoloji proseslər nəticəsində yerin altından sızan qaz burada uzun illərdir fasiləsiz alovlanır. Bəzi yerlərdə alovun hündürlüyü 10-15 metrə qədər yüksələ bilir. Bu mənzərəni yaxından izləmək insanda həqiqətən də qeyri-adi hisslər yaradır. Sanki torpaq öz qoynundakı alovu üzə çıxararaq təbiətin gücünü nümayiş etdirir.

Yanardağ və Abşeronun digər bəzi əraziləri qədim dövrlərdən etibarən atəşpərəstlik və zərdüştilik ənənələri ilə əlaqələndirilib. Odun müqəddəs hesab edildiyi həmin dövrlərdə bu cür təbii alov mənbələri insanların xüsusi marağına səbəb olub. Bu gün də Yanardağa gələn xarici turistlər arasında hindistanlıların çoxluğu diqqət çəkir. Bunun səbəblərindən biri Hindistanda zərdüştilik ənənələrini qoruyub saxlayan pars icmasının mövcudluğu və odun həmin dini ənənələrdə xüsusi yer tutmasıdır.

Ekskursiya zamanı peşəkar bələdçimiz Yelena Həsənova Yanardağın yaranma xüsusiyyətləri, tarixi və ərazinin əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Onun izahları sayəsində sadəcə alova tamaşa etməklə kifayətlənmədik, bu təbiət hadisəsinin arxasında dayanan geoloji proseslər və tarixi ənənələr haqqında da yeni biliklər əldə etdik.

Əbədi alovun qarşısında yoqa – fərqli təcrübə

Yanardağ səfərimizin ən yaddaqalan məqamlarından biri də açıq havada təşkil olunan yoqa məşğələsi oldu. Peşəkar yoqa təlimatçısı Aleksandra xanım əbədi alovun yaxınlığında ensiz, uzun xalçaları sərərək bizə yoqa təlimi keçdi.

Açığı, etiraf edim ki, mən ilk dəfə idi yoqa təlimində iştirak edirdim və bu, mənim üçün xoş kəşf oldu.

Aleksandranın rəhbərliyi ilə müxtəlif hərəkətləri – asanaları yerinə yetirdik, nəfəs məşqləri etdik, meditasiya və rahatlama mərhələlərindən keçdik. İlk baxışda sadə görünən bu hərəkətlərin insanın həm fiziki, həm də psixoloji vəziyyətinə necə təsir etdiyini məşğələ zamanı hiss etmək mümkün idi.

Aleksandranın rəhbərliyi ilə keçirilən yoqa təlimi Yanardağ gəzintimizə xüsusi rəng qatdı. Yoqa asanaları, nəfəs texnikaları, meditasiya və rahatlama məşqləri vasitəsilə gündəlik qayğılardan bir qədər uzaqlaşaraq özümüzə vaxt ayırdıq. Yanardağın əsrlərdir sönməyən alovunun yanında yoqa hərəkətləri etmək isə bu təcrübəni daha da fərqli və yaddaqalan etdi. Bir tərəfdə təbiətin möcüzəsi olan alov, digər tərəfdə sakitlik və daxili tarazlıq axtarışı… Ətrafdakı qeyri-adi atmosfer bu anların təsirini daha da artırırdı. Təlimin sonunda özümüzü həm fiziki, həm də mənəvi cəhətdən daha yüngül, enerjili və gümrah hiss etdik. Sanki Yanardağda təkcə xoş təəssüratlar yaşamadıq, həm də ikiqat enerji topladıq.

Yoqa sessiyası o qədər maraqlı idi ki, ziyarətə gələn hindistanlı turist xanım da bizə qoşuldu.

Aleksandranın keçirdiyi yoqa təlimindən sonra özümü daha rahat və yüngül hiss etdim. Sanki gündəlik qayğılardan bir qədər uzaqlaşaraq ruhuma dinclik, mənə müsbət enerji bəxş etdi. Buna görə Aleksandra xanıma təşəkkür edirəm.

Onu da qeyd edim ki, yoqa sadəcə fiziki hərəkətlər toplusu deyil, minilliklərə söykənən qədim bir həyat fəlsəfəsidir. Təxminən 5 min illik tarixə malik bu təcrübə bədənlə ruh arasında tarazlıq yaratmağı hədəfləyir. Düzgün nəfəs, sadə hərəkətlər və meditasiya vasitəsilə insan həm bədənini gücləndirir, həm də zehnini gündəlik stressdən uzaqlaşdıraraq daxili rahatlıq tapır.

Yeri gəlmişkən, uzun illərdir yoqa təlimçisi kimi fəaliyyət göstərən Aleksandra xanımın təlimlərinə qoşulmaq istəyənlər müraciət edə bilərlər. İnanıram ki, buna görə uduzmazsınız. (https://www.instagram.com/reels/DZ5ZH68lAan/)

Açıq səma altında daşların dili – Kromleks sərgisi

Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yerləşən Kromleks daş sərgisi açıq səma altında yaradılmış maraqlı muzeydir. Burada Abşeron ərazisində aşkar edilmiş və yerli əhalinin məişətində, təsərrüfatında istifadə etdiyi müxtəlif formalı qədim daş nümunələri nümayiş olunur.

Sərgidə üzüm əzmək üçün istifadə edilən daş dəyirmanlar, ərəb əlifbası ilə yazıları olan daşlar, qəbir daşları və daşdan yonulmuş su qabları kimi eksponatlar var.

Muzeyin məqsədi Abşeronun qədim məişətini, daşişləmə ənənələrini və tarixi-mədəni irsini ziyarətçilərə tanıtmaqdır.

Burada nümayiş olunan daşlar sadəcə dekorativ eksponatlar deyil. Onların hər biri keçmişdə insanların gündəlik həyatında istifadə etdiyi əşyaların nümunəsidir.

Yelena xanım açıq səma altında olan sərgi haqqında müfəssəl məlumat verdi.

Yanardağın ərazisindəki qaval daşını da yoxladıq. Daşa əlimizlə vurduqda ondan qaval səsinə bənzər, özünəməxsus rezonanslı səs gəldi.

Bir anlıq özümü keçmişə səyahət etmiş kimi hiss etdim. Gözümün önündə qədim əcdadlarımızın bu ərazidəki həyat tərzi, məşğuliyyətləri və gündəlik qayğıları canlandı.

Yanardağın müasir muzeyi – tarix və texnologiyanın vəhdəti

Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda ziyarətçiləri gözləyən maraqlı məkanlardan biri də müasir qapalı muzeydir. Muzey ənənəvi eksponatlarla yanaşı, müasir texnologiyaları və incəsənəti də bir araya gətirir.

Muzeydə Abşeron yarımadasının geoloji xüsusiyyətləri, təbii qazın yerin səthinə çıxması, dağın daim yanmasının səbəbləri və Azərbaycanda atəşpərəstliyin tarixi haqqında məlumatlar təqdim olunur. Burada 3D modellər, videoçarxlar və müxtəlif rəqəmsal instalyasiyalar vasitəsilə ziyarətçilərə mövzu daha maraqlı formada çatdırılır.

Muzeyin ən diqqətçəkən nümunələrindən biri məşhur azərbaycanlı rəssam Hüseyn Haqverdiyevin “Unudulmuş əcdadların kölgələri” adlı müasir instalyasiyasıdır.

“Unudulmuş əcdadların kölgələri” instalyasiyası qədim insanların oda sitayiş ənənələrini əks etdirir. Alov dilləri ilə işıqlandırılmış taxta fiqurlar əl-ələ tutaraq od ətrafında dini ayin keçirən insanları təsvir edir. Bu əsər Abşeronun qədim od kultuna və atəşpərəstlik tarixinə maraqlı bədii baxışdır. Digər maraqlı təqdimat isə “İşıq və kölgə möcüzəsi” adlanır. Bu interaktiv nümayiş zamanı divarın qarşısından keçən insanların kölgələri işıq effektləri ilə fərqli görüntü yaradır.

Digər maraqlı təqdimat isə “İşıq və kölgə möcüzəsi” adlanır. Bu interaktiv nümayiş zamanı divarın qarşısından keçən insanların kölgələri işıq effektləri ilə müxtəlif görüntülərə çevrilir. Biz də bu maraqlı təcrübəyə qoşulmadan keçə bilmədik. Əllərimizi qaldırıb müxtəlif hərəkətlər edərək kölgələrimizlə oynadıq, bir anlıq uşaqlığımıza qayıtmış kimi əyləndik. Muzeyin bu guşəsi gəzintimizə həm əyləncə, həm də xoş xatirələr qatdı.

Beləliklə, Yanardağa gələnlər yalnız təbii alovu seyr etməklə kifayətlənmir, həm də Abşeronun təbiəti, tarixi və mədəniyyəti ilə müasir muzey mühitində tanış olurlar.

Burada muzey eksponatlarına sadəcə baxmırsan, bəzən özün də sərginin bir hissəsinə çevrilirsən.

Yanardağ qoruğuna giriş biletlərinin qiyməti də kifayət qədər münasibdir. Yerli ziyarətçilər üçün bilet 2 manat, tələbələr üçün isə 1 manatdır. Xarici turistlər üçün giriş haqqı 15 manat təşkil edir. Üstəlik, 18 yaşına çatmamış uşaqlar, əlilliyi olan şəxslər, müharibə veteranları, qazilər və şəhid ailələrinin birinci dərəcəli üzvləri üçün giriş ödənişsizdir. Beləliklə, bu maraqlı məkanı çox az xərclə, hətta müəyyən kateqoriyalar üzrə tamamilə pulsuz ziyarət etmək mümkündür.

Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda tarixi məkanlarla yanaşı, ziyarətçilər üçün müasir imkanlar da yaradılıb. Burada fəaliyyət göstərən kafe qonaqlara gəzinti zamanı fasilə verib dincəlmək, suvenir dükanı isə səfərdən xatirə qalacaq hədiyyələr almaq imkanı yaradır. Beləliklə, qoruq təkcə tarixi və təbii görməli yerləri ilə deyil, ziyarətçilərə təqdim etdiyi əlavə xidmətlərlə də diqqət çəkir.

Yanardağdan çıxan kimi mikroavtobusumuz üz tutdu Balaxanıya.

Balaxanı – neft buruqlarının arxasında gizlənən nağıl

Yanardağla tanışlıqdan sonra növbəti istiqamətimiz Balaxanı qəsəbəsi oldu. Bakıdan təxminən 17 kilometr məsafədə, Sabunçu rayonunda yerləşən Balaxanı Abşeronun ən qədim yaşayış məntəqələrindən biridir. Təxminən 21 min nəfər əhalisi olan qəsəbənin adı XIII əsrə aid mənbələrdə də çəkilir.

Balaxanı tarixən karvan yolları üzərində yerləşdiyindən burada səyyahların və tacirlərin dayanması üçün müxtəlif tikililər, karvansaralar və digər məkanlar mövcud olub. Sonrakı dövrlərdə isə qəsəbə Azərbaycanın neft sənayesi tarixində mühüm rol oynayıb.

Balaxanıya doğru irəlilədikcə yolun hər iki tərəfində sıralanan neft mancanaqları diqqətimizi çəkirdi. Bu mənzərə qəsəbənin Azərbaycanın neft sənayesi tarixində mühüm yer tutduğunu xatırladırdı. Amma Balaxanıya ilk dəfə gələn, üstəlik, qəsəbə haqqında əvvəlcədən heç bir təsəvvürü olmayan adam yolboyu gördüyü bu mənzərədən sonra qarşıda onu nələrin gözlədiyini təsəvvür belə edə bilməz.

Çünki neft mancanaqlarının, sənaye qurğularının əhatəsində uzanan bu yolun sonunda nağılları xatırladan dar küçələr, rəngarəng evlər, gül-çiçəkli həyətlər və göz oxşayan mənzərələr var. İlk baxışda bir-birinə zidd görünən bu iki mənzərə Balaxanının ən maraqlı özəlliklərindən biridir.

Qəsəbənin adının mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir ehtimala görə, ad fars mənşəli olub, “yuxarı ev” və ya “hündür tikili” mənasını verir. Abşeron toponimlərinin izahı ilə bağlı başqa mülahizələr də var. Məsələn, “Abşeron” sözünün “ab” – su və “şoran” – şor torpaq sözlərindən yarandığını düşünənlər də mövcuddur.

Balaxanıya ictimai nəqliyyatla getmək istəyənlər Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən 216 nömrəli avtobusdan istifadə edə bilərlər. Gediş haqqı 50 qəpikdir.

Qəsəbənin qonaqpərvər ab-havası

Balaxanıya çatdıqdan sonra qəsəbənin məşhur restoranlarından birində çay süfrəsi arxasında əyləşdik. İştirakçılar bir-biri ilə tanış olur, söhbət edir, qarşıdakı gəzinti haqqında fikir mübadiləsi aparırdılar. Bu kiçik fasilə səfərin ümumi ab-havasını daha da səmimiləşdirdi.

Balaxanının küçələrinə daxil olduqdan sonra isə bizi tamam başqa mənzərə qarşıladı. Rəngarəng evlər, səliqəli həyətlər, çiçəklərlə bəzədilmiş pəncərələr və qədim tikililər qəsəbəyə xüsusi gözəllik verirdi. Burada hər addımda foto çəkmək, bir az dayanıb ətrafı seyr etmək istəyirsən.

Şah Səfi karvansarası – karvan yollarının yadigarı

Balaxanı gəzintimiz zamanı ilk tarixi dayanacaqlarımızdan biri XVII əsrə aid Şah Səfi karvansarası oldu. Yerli əhəng daşından inşa edilən tikilinin 1635–1636-cı illərdə inşa olunduğu bildirilir. Vaxtilə İpək yolu üzərində hərəkət edən karvanların dayanacaq məkanlarından biri olan bu karvansara səyyahların dincəlməsi və gecələməsi üçün istifadə edilib.

Mənbələrdə tikilinin Xacə Ruhulla imarəti adı ilə də tanındığı qeyd olunur. Giriş hissəsində vaxtilə ərəb dilində kitabə olduğu bildirilir, lakin həmin yazı bu günə qədər qorunub saxlanmayıb. Yerli sakinlər arasında isə daha çox Şah Səfi karvansarası adı ilə tanınır.

Belə tikililər Balaxanının yalnız neft tarixi ilə deyil, həm də qədim karvan yolları və ticarət əlaqələri ilə bağlı olduğunu göstərir.

Mirzə Ələkbər Sabirin Balaxanı ilə bağlılığı

Daha sonra böyük Azərbaycan satiriki Mirzə Ələkbər Sabirin heykəlinin qarşısında dayandıq. Bələdçimiz Yelena xanım abidənin hazırlanması və Balaxanıya gətirilməsi ilə bağlı maraqlı məlumatlar verdi.

Məlum oldu ki, heykəl əvvəlcə Bakının mərkəzində, İçərişəhərin qala divarları yaxınlığında yerləşdirilib. 1922-ci ildə heykəltəraş Yakov Keylixis tərəfindən hazırlanmış bu abidə müsəlman Şərqində ucaldılan ilk heykəllərdən biri hesab olunur. 1958-ci ildə isə onun yerini Cəlal Qaryağdının hazırladığı, oturmuş vəziyyətdə təsvir edilən Sabir heykəli tutub.

Əvvəlki abidə Balaxanıya gətirilərək şairin vaxtilə müəllimlik etdiyi məktəbin yaxınlığında, onun adını daşıyan bağda yerləşdirilib.

Bu məqam mənim üçün xüsusilə maraqlı idi. Çünki Sabirin həyatının müəyyən dövrü ilə bağlı olan Balaxanıda onun heykəlini görmək qəsəbənin ədəbi və mədəni tarixini də xatırladırdı. Əlbəttə, bu fürsəti dəyərləndirib heykəlin yanında foto çəkdirməyi də unutmadıq.

Şəkilləriniz qəzet səhifəsinə çevrilir

Balaxanıda diqqətimi çəkən maraqlı yeniliklərdən biri də fotoqrafiya ilə bağlı fərqli xidmət oldu. Burada gəzinti zamanı çəkdirdiyiniz şəkilləri adi foto kimi deyil, əsl qəzet səhifəsi formasında əldə etmək mümkündür.

Təsəvvür edin: qəsəbənin rəngarəng küçələrində gəzirsiniz, fotolar çəkdirirsiniz və bir neçə dəqiqə sonra həmin şəkillər qəzet dizaynında hazırlanaraq sizə təqdim olunur.

Hazır xatirəni isə xüsusi üslubda hazırlanmış poçt qutusundan götürürsünüz. Bu, Balaxanı səfərindən qalacaq fərqli və yaddaqalan suvenirlərdən biridir.

Qırx pilləli ovdan – yerin altındakı su xəzinəsi


Balaxanının tarixi abidələri arasında XIV əsrə aid Qırx pilləli ovdan da xüsusi yer tutur. Şirvanşahlar dövründə, əmir Xacə Zeynəddinin sifarişi ilə inşa edildiyi bildirilən bu tikili yeraltı su anbarı funksiyasını daşıyıb.

Adından da göründüyü kimi, ovdana enmək üçün qırx daş pillədən istifadə olunur. Keçmişdə qəsəbə sakinlərinin su tələbatının ödənilməsində mühüm rol oynayan bu tikili 1920-ci ilə qədər istifadə edilib. Onun yaxınlıqdakı Qum hamamının su ilə təmin olunmasında da rol oynadığı ehtimal edilir.

Ovdana enərkən qədim dövrlərdə insanların suyu qorumaq və ondan səmərəli istifadə etmək üçün necə mühəndislik həlləri yaratdıqlarını düşünməmək mümkün deyil. Müasir texnologiyaların olmadığı bir dövrdə inşa edilən belə tikililər əcdadlarımızın məişət və tikinti mədəniyyətinin səviyyəsini göstərir.

Qum hamamı – karvan yolunun istirahət məkanı

Qəsəbənin daha bir qədim abidəsi XIV əsrə aid edilən Qum hamamıdır. Şirvanşahlar dövründə inşa olunduğu ehtimal edilən hamam orta əsrlərdə insanların gündəlik həyatında mühüm yer tutub.

Tikili bir-biri ilə əlaqəli üç əsas hissədən ibarətdir. Buraya soyunma otağı, yuyunma zalı və isti-soyuq su hovuzları daxildir. Hamamın yerləşdiyi ərazi və tarixi xüsusiyyətləri onun yalnız yerli sakinlər üçün deyil, karvanlarla hərəkət edən səyyahlar üçün də əhəmiyyətli məkan olduğunu göstərir.

Bakıya çatmazdan əvvəl karvanların burada dayanaraq dincəldiyi, yol yorğunluğunu çıxardığı və hamamdan istifadə etdiyi bildirilir. Beləliklə, Qum hamamı həm məişət, həm də karvan yolları üzərində yerləşən istirahət məkanı kimi fəaliyyət göstərib.

Uzun müddət qum və torpaq altında qalan abidə sonradan üzə çıxarılaraq bərpa edilib. Bu gün isə Balaxanının qədim tarixini əks etdirən mühüm memarlıq nümunələrindən biri kimi ziyarətçilərin diqqətini cəlb edir. Qum hamamına girib baxmaq mənə çox maraqlı oldu. Özümü bir anlığa həmin dövrdə hiss etdim.

Bazar meydanı – qəsəbənin keçmiş həyatının mərkəzi

Balaxanı gəzintimiz zamanı qəsəbənin tarixi Bazar meydanında da olduq. Keçmişdə bu meydan yalnız alış-veriş yeri deyil, həm də insanların görüşdüyü, xəbərləşdiyi və gündəlik həyatın müxtəlif hadisələrini müzakirə etdiyi ictimai məkan olub.

 

Burada kənd təsərrüfatı məhsulları satanlar, tacirlər və sənətkarlar bir araya gəlir, qəsəbənin iqtisadi və sosial həyatı canlanırdı. Bu gün meydan və ətrafındakı tarixi tikililər Balaxanının keçmiş ticarət ənənələrini xatırladır.

Neft qəsəbəsindən rəngarəng turizm məkanına

Balaxanı deyəndə bir vaxtlar çoxlarının gözündə ilk növbədə zibil poliqonu, neft buruqları və sənaye mənzərəsi canlanırdı. Ancaq bu gün qəsəbə tamam başqa görkəmdədir. Tarixi küçələrin bərpası, evlərin rəngarəng fasadları, dekorativ elementlər, yaşıllıq və gül-çiçəklə bəzədilmiş həyətlər Balaxanını fərqli turizm məkanına çevirib.

Qəsəbənin dar küçələri ilə irəlilədikcə mavi qapılar, taxta eyvanlar, üzüm tənəkləri, pəncərələrin qarşısındakı dibçəklər və müxtəlif dekorativ kompozisiyalar diqqəti cəlb edir. Bəzi küçələr mənə İçərişəhəri xatırlatdı. Burada qədim evlərin memarlığı ilə müasir dizayn elementləri maraqlı şəkildə birləşir.

Balaxanının divarları da sanki ayrıca bir açıq səma altında sənət qalereyasıdır. Küçələrdə müxtəlif qrafiti nümunələrinə, velosiped təsvirlərinə və maraqlı kompozisiyalara rast gəlmək mümkündür. Divarlardan birində Azərbaycan teatr və kino tarixinin məşhur obrazı Məşədi İbadın təsviri xüsusilə diqqətimi çəkdi. Bu səhnə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərindən hamının yaxşı tanıdığı epizodu xatırladır. Məşədi İbad əlində alma və armudla Rüstəm bəyin həyətinin hasarına yaxınlaşaraq nişanlısı Gülnazı görmək istəyir. Boyu hasardan boylanmağa çatmadığından yoldan keçən hambalı çağırıb onun belinə çıxır. Lakin Gülnazı sevdiyi Sərvərlə birlikdə görməsi onun üçün gözlənilməz sürprizə çevrilir. Məhz bu yumoristik səhnənin divar təsviri şəklində təqdim olunması qəsəbənin küçələrinə xüsusi rəng qatır.

Bir vaxtlar yerli camaatın “mastavoy” adlandırdığı qənbər döşəməli yollar da yenidən qurulur. Bu cür detallar qəsəbənin tarixi görünüşünün qorunmasına və küçələrin özünəməxsus ab-havasının saxlanmasına xidmət edir.

Balaxanının qədim məhəllələri və unudulmayan adları

Balaxanının maraqlı xüsusiyyətlərindən biri də onun tarixən formalaşmış məhəllə quruluşudur. Qəsəbə qədimdən Yuxarı və Aşağı olmaqla iki əsas məhəlləyə bölünüb. Bu bölgünün izlərini bu gün də qəsəbənin ənənəvi planlaşdırılmasında görmək mümkündür.

Maraqlıdır ki, Balaxanının şimal hissəsi yerli sakinlər arasında Rzaqulu kəndi, cənub hissəsi isə Canhüseyn məhəlləsi adlandırılıb. Bunlar sadəcə coğrafi istiqamətləri bildirən adlar deyil, qəsəbənin keçmiş yaşayış quruluşunu, yerli nəsillərin və məhəllələrin tarixini özündə yaşadan toponimlərdir. Qədim qəbiristanlıq da Yuxarı və Aşağı məhəllələri bir-birindən ayıran tarixi məkanlardan biri olub.

Balaxanının küçələri də müxtəlif tarixi dövrlərin izlərini qoruyur. Məsələn, sovet dövründə qəsəbənin məşhur küçələrindən biri Bolşevik küçəsi adlandırılıb. Bu küçə XIX əsrin sonu – XX əsrin əvvəllərində Balaxanının imkanlı ailələrinin yaşadığı məkanlardan biri olub. Buradakı iri daş evlər, memarlıq detalları və qədim tikililər həmin dövrün həyat tərzi haqqında təsəvvür yaradır.Balaxanının küçələri təkcə rəngarəng görünüşü və qədim tikililəri ilə deyil, maraqlı adları ilə də diqqət çəkir. Qəsəbədə Dirçəliş, Yanardağ, Səfəvilər kimi küçə adlarına rast gəlmək mümkündür. Bu adlar da Balaxanının özünəməxsus ab-havasına əlavə rəng qatır.

Qəsəbənin tarixi küçələrində aparılan abadlıq işləri zamanı onların əvvəlki görkəminin qorunmasına da diqqət yetirilib. Belə ki, üç tarixi küçədə qədim daş döşəmələr saxlanılıb, evlərin divarlarının tarixi görünüşü qorunub. Bu yanaşma Balaxanının yalnız müasir turizm məkanına çevrilməsinə deyil, həm də öz keçmişini yaşatmasına xidmət edir.

Bu adları və məhəllələrin tarixini öyrəndikcə bir daha anlayırsan ki, Balaxanının hər küçəsinin, hər daş divarının arxasında ayrıca bir tarix dayanır. Bəzən turist kimi gəzdiyimiz yerlərin sakinlər üçün nə qədər böyük tarixi və mənəvi əhəmiyyət daşıdığını yalnız belə məlumatlarla tanış olduqdan sonra dərk edirsən.

Festival günü – gözəlliklə yanaşı, nəqliyyat sıxlığı da var idi

Qəsəbədə diqqətimi çəkən məqamlardan biri də nəqliyyat sıxlığı idi. Balqabaq festivalına gələnlərin əksəriyyətinin şəxsi avtomobillərə üstünlük verməsi nəticəsində küçələrdə xeyli tıxac yaranmışdı. Hətta bəzi yerlərdə piyadalar yolun kənarı ilə hərəkət etmək məcburiyyətində qalırdılar. Bununla belə, düşünürəm ki, bu, daha çox festival gününə xas mənzərə idi. Adi günlərdə, güman edirəm, Balaxanının küçələrində daha rahat gəzmək, qəsəbənin gözəlliklərini tələsmədən seyr etmək mümkündür.

Bununla belə, Balaxanının gözəlliyi qəsəbədə heç bir problemin olmadığı anlamına gəlmir. Fikrimcə, Balaxanının turizm potensialından daha səmərəli istifadə etmək üçün onun gözəlliyini qorumaqla yanaşı, mövcud çatışmazlıqların da aradan qaldırılması vacibdir.

Gəzinti zamanı hər küçədə dayanıb şəkil çəkmək istəyirdik. Bəzən rəngarəng qapılar, bəzən gül-çiçəkli həyətlər, bəzən də qədim daş divarlar diqqətimizi çəkirdi. Qəsəbə sakinlərinin qonaqpərvərliyi də səfərimizi daha xoş etdi. Balaxanıda insan özünü tələsik ekskursiyada deyil, sakit bir məhəllədə qonaq kimi hiss edir.

Dünyada ilk mexaniki neft quyusunun 1869-cu ildə məhz Balaxanıda qazıldığı, 1878-ci ildə Nobel qardaşlarının təşəbbüsü ilə qəsəbədən Bakıdakı Qara şəhər neftayırma zavodlarına 12 kilometrlik neft kəmərinin çəkildiyi bildirilir. 1905-ci ildə isə burada kompressor üsulu ilə neft hasilatının tətbiq edildiyi qeyd olunur. Bu faktlar Balaxanının dünya neft sənayesi tarixində də xüsusi yer tutduğunu göstərir.

Balaxanıya gəlib şəkil çəkməmək günah olardı. Burada az qala hər addımda foto üçün yeni bir mənzərə, hər döngədə isə kəşf ediləcək başqa bir maraqlı detal var.

Payızın dadı, rəngi və əyləncəsi – Balqabaq Yarmarkasında

Turumuzun son dayanacağı Şaxta parkında təşkil olunan Balqabaq Yarmarkası (Pumpkin Fair) oldu. Oktyabrın 24-dən noyabrın 1-dək davam edən tədbir payız mövsümünə həsr edilmişdi.

Yarmarkada müxtəlif növ balqabaqlar, onlardan hazırlanan milli təamlar, şirniyyatlar, mürəbbələr və desertlər təqdim olunurdu. Qonaqlar balqabaqlı qəlyə və qutab kimi fərqli dadları sınaqdan keçirmək, həmçinin yerli istehsalçıların əl işləri, keramika nümunələri, suvenirlər və dekorativ əşyaları ilə tanış olmaq imkanı əldə edirdilər.

Tədbir çərçivəsində canlı musiqi, əyləncəli oyunlar və müxtəlif fəaliyyətlər də təşkil olunmuşdu. Yarmarkanın əsas məqsədlərindən biri yerli fermerlərə və istehsalçılara dəstək vermək, onların məhsullarını daha geniş auditoriyaya tanıtmaq idi.

Ziyarətçilərin rahatlığını təmin etmək üçün şəhər mərkəzindən Şaxta parkına pulsuz mikroavtobuslar da fəaliyyət göstərirdi. Onlar qonaqları yarmarkaya aparır və tədbirdən sonra geri gətirirdilər. Yarmarkaya giriş sərbəst idi.

Tur iştirakçıları da bu gözəl mənzərələrdən maksimum yararlanmağa çalışırdılar. Qəsəbənin rəngarəng küçələrində, qədim tikililərin qarşısında və maraqlı dekorativ guşələrdə xeyli foto çəkdirdik. Hər kəs bu anları yaddaşında saxlamaq, səfərdən xoş xatirələrlə ayrılmaq istəyirdi. Gülüşlər, səmimi söhbətlər və bir-birimizin şəklini çəkmək üçün yaranan kiçik fürsətlər günə xüsusi ovqat qatırdı.

Beləliklə, Balaxanı gəzintimiz bol fotolar, xoş anlar və unudulmaz təəssüratlarla başa çatdı.

Bu təəssürata görə “Калейдоскоп талантов” (“İstedadlar kaleydoskopu”) layihəsinin rəhbəri Səbinə xanıma sesusia təşəkkür edirəm.

İmran Kərimli

P.S. Qeyd edim ki, “İstedadlar kaleydoskopu”layihəsi yaradıcı insanlar üçün müxtəlif tədbirlər təşkil edir.

Layihə çərçivəsində təqdimatlar, yaradıcılıq gecələri, tur-səfərlər və ekskursiyalar, eləcə də ustad dərsləri keçirilir.

Layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların üzə çıxarılması, onların fəaliyyətinin geniş auditoriyaya tanıdılması, yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Qeyd edək ki, “İstedadlar kaleydoskopu” (“Калейдоскоп талантов”) layihəsi öz fəaliyyətini sosial şəbəkələrdə də təqdim edir. Layihənin təşkil etdiyi tədbirlər, yaradıcılıq gecələri, maraqlı görüşlər və digər yeniliklər barədə məlumatları YouTube, Instagram və TikTok platformalarında izləmək  və müraciət etmək mümkündür.

“Калейдоскоп талантов”( İstedadlar kaleydoskopu) layihəsi sosial şəbəkələrdə :

https://www.youtube.com/@IRIS-Baku

https://www.instagram.com/kaleydoscope_s?utm_source=qr&stkn=MTVlNHFidjZ3bjYyMQ%3D%3D

https://www.tiktok.com/@kaleydoscope_s?_r=1&_t=ZS-9AFPLUQNp1Y