Bakının Nəsimi rayonu Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində “Winter City Group” tərəfindən inşa olunan “Eleven Park” yaşayış kompleksinin tikintisi dayandırılıb.
Tribuna.az xəbər verir ki, xitab24.az-ın əldə etdiyi məlumata görə, buna həmin ünvanda yaşayan sakinlərin şikayəti səbəb olub.
Məlum olub ki, şirkət tərəfindən sözügedən ünvanda qazıntı, söküntü işləri aparılarkən həmin ünvandakı mənzillərə ziyan dəyib.
Bundan başqa, təqdim olunan faktlarla müəyyən edilib ki, həyata keçirilən tikinti işləri vətəndaşa məxsus mənzilin də giriş-çıxışına mane yaradıb. Eyni zamanda, qeyd olunub ki, bir hadisə olduğu zaman ünvana ambulans, yanğınsöndürən maşının gəlməsi qeyri-mükündür.
Hətta iddiaçılar özləri evlərinə daxil olarkən də çox təhlükəli vəziyyətdən keçdiklərini, onların həyatı üçün ciddi risk yarandığını bildiriblər.
Sakinlərin sözlərinə görə, icazəsi olmadan onların kommunal xəttləri kəsilib. Bundan əlavə, şirkət tərəfindən qazıntı, söküntü işləri aparılarkən mənzilin sanitar qovşağı tamamilə sökülüb. Yaşayış evlərinin layihə üzrə tikintisinə görə katlavanı qazarkən iddiaçılara məxsus evlərinin bünövrəsinin alt hissəsinin qazılıb. Bu səbəbdən yaşayış evlərinin bir hissəsinin divarları çöküb, çatlayıb, dam örtükləri yararsız vəziyyətə düşüb.
Nəsimi Rayon Məhkəməsində baxılan işdə sakinlərin iddiası təmin edilib. Maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək şirkətə söküntü və tikindi işləri qadağan olunub.









