Tanış olduğu qadını aldadıb 96 min manatını aldı – Film kimi cinayət

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı – Film kimi cinayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt sakini sevgilisini aldadaraq onun külli miqdarda pulunu ələ keçirib.

Tribuna.az Bizim.Media-a ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Həsən Qarayev (soyad şərtidir – red.) şəhər ərazisindəki marketlərdən birində işləyərkən müştəri qismində marketə gələn bir xanımla tanış olub.

Söhbət əsnasında xanımın Sumqayıtdakı orta məktəblərdən birində müəllimə işlədiyi və ailəsindən boşandığını bilən Həsən onunla münasibətlərini get-gedə yaxşılaşdırıb və sevgili olub. İlk vaxtlar Həsən onun etibarını qazanaraq evlənəcəyini bildirib.

Bir müddət sevgili olandan sonra Həsən qadına nəzarət etməyə başlayıb. Qadın Həsəndən icazəsiz heç bir yerə getməyib, bütün planlarını əvvəlcə onunla razılaşdırıb.

Bir müddətdən sonra Həsən qadına yalan danışaraq, guya hansısa ərzaq firmasına bölgə müdiri təyin olunduğunu deyib və buna görə ona maşın lazım olduğunu bildirib. Qadın Həsənə maşın almaq üçün öz adına kredit götürüb. Həsən maşını alandan sonra qadından “iPhone” markalı telefon və kompüter almasını da xahiş edib. Xanım bundan da imtina etməyib və Həsənə bahalı kompüter və mobil telefon alıb.
Amma Həsən bununla da kifayətlənməyib. O, qadını aldadaraq guya işlədiyi mağazada 11 min manatın yoxa çıxdığını deyib və bu pulu yaxın günlərdə ödəməsə, həbs ediləcəyini bildirib. Çarəsiz qalan xanım Həsənin “həbs” olunmaması üçün bankdan təkrar kredit götürüb. Həsən həmin kreditləri ödəyəcəyini desə də, vədinə əməl etməyib.

O, bu üsulla ayrı ayrı vaxtlarda sevgilisini aldadaraq ondan 96 min manat alıb geri qaytarmayıb. O, sonuncu dəfə xanımdan evlərində olan 8 min manatı da alıb və yoxa çıxıb.

Hadisədən bir müddət sonra xanımın anası ağır xəstələnib və onun müalicəsi üçün pul lazım olub. Qohumlar qadını xəstəxanaya apararkən xəstə evində 8 min manat olduğunu deyib və qohumlarına xahiş edib ki, qızından həmin pulu götürsünlər. Məlum olub ki, xanımda pul yoxdur və o, dələduzluğa məruz qalıb.

Xanımın qohumları faktla bağlı polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Həsən saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Cinayət işinin istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə H.Qarayev 6 il azadlıqdan məhrum edilib. (Oxu.az)