Səbail Bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğlu 2 milyona yaxın qiyməti olan torpaq sahələrini ələ keçirməyə cəhd edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən “verilən məlumata görə, Əhməd Hüseynovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilib.
İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və digər maddələri ilə ittiham elan edilib və 27.12.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Əhəd Hüseynovun adı illər əvvəl də cinayət əməlində hallanıb. Belə ki, onun barəsində Səbail rayonu ərazisində qanunsuz torpaq satışı ilə məşğul olması ilə bağlı məlumatlar yayılmışdı.
1947-ci il təvəllüdlü Əhəd Hüseynov əslən naxçıvanlıdır, əvvəllər polis sistemində işləyib, istefada olan polis polkovnik-leytenantıdır. O, uzun müddət Səbail rayon bələdiyyəsinin sədri vəzifəsində işləyib.









