Futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.
Tribuna.az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Kəpəz”i qəbul edib.
İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydandakı oyuna da erkən qollarla başlayıblar. 15-ci dəqiqədə Faiq Hacıyev, bir dəqiqə sonra isə Xəyal Nəcəfov qonaqları mərkəzə dəvət ediblər. Buna baxmayaraq, “Kəpəz” təslim olmayıb. Fərid Nəbiyev 32 və 45+3-cü dəqiqələrdə fərqlənərək, fasiləyədək bərabərliyi təmin edib.
Lakin Gəncə təmsilçisinin bundan artığına gücü çatmayıb. İkinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Bununla da “Turan Tovuz” yarımfinala adlayıb.
Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv növbəti raundda “Neftçi”-“Zirə” cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə “Qəbələ” və “Səbail” üz-üzə gələcək. Bu raundun matçları aprelin 19-da və 27-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
20 dekabr (çərşənbə axşamı)
“Turan Tovuz”–“Kəpəz” (2:2)
Qollar: Faiq Hacıyev (15`), Xəyal Nəcəfov (16`), Fərid Nəbiyev (32`, 48`)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.
İlk oyun – 2:1









