Avropanın Ukrayna üçün sursatları tükənmək üzrədir – “Bloomberg”

Avropanın Ukrayna üçün sursatları tükənmək üzrədir – “Bloomberg”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aİ ölkələrinin Ukrayna üçün kifayət qədər sursat istehsal etmək və NATO-nun müdafiə qabiliyyətini saxlamaq üçün kifayət qədər istehsal gücü yoxdur.

Tribuna.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Ukrayna “İkinci dünya müharibəsindən bəri görünməmiş sürətlə” sursatdan istifadə edir və gündə təxminən 6000 artilleriya mərmisi atır. “The Wall Street Journal” yazır ki, bu, Rusiya və NATO arasında “yenidən silahlanma yarışına” səbəb olur.
Bununla belə, Aİ ölkələrinin uzun müddət irimiqyaslı artilleriya döyüşlərini dəstəkləmək üçün nə sənaye gücü, nə də kifayət qədər silah ehtiyatı var, – Almaniya Müdafiə Nazirliyindəki qərargahın keçmiş rəhbəri Niko Lanqe deyir.
“Hökumətlər onilliklərdir ki, müqavilələri azaldır, buna görə də şirkətlər istehsal xətlərini və işçilərini ixtisar edirlər”, – Labqe deyir. Silah istehsalçısı Nammo AS şirkətinin rəhbəri Morten Brandsteqin sözlərinə görə, mərmi çatışmazlığı NATO hərbi doktrinasının dəyişməsi ilə bağlıdır. “İkinci dünya müharibəsi tərzində yerüstü döyüşləri planlaşdırmaq əvəzinə, onlar təkmil olmayan düşmənlərə qarşı hədəflənmiş asimmetrik müharibəyə diqqət yetiriblər”, – şirkətin rəhbəri bildirib.
Ukrayna ayda 40 minə qədər 155 mm kalibrli artilleriya mərmisindən istifadə edir. Eyni zamanda, Aİ ölkələri ildə cəmi 300.000 belə mərmi istehsal edir, şirkəti Avropadakı bütün artilleriya mərmilərinin təxminən üçdə birini istehsal edən Czechoslovak Group AS-nin sahibi Mixail Strnad qeyd edir. Strnad vurğulayır ki, Ukraynada müharibə indi dayansa belə, Avropaya ehtiyatlarını hazırkı istehsal templəri ilə doldurmaq üçün 15 ilə qədər vaxt lazım olacaq.
NATO-nun tələblərinə görə, blok ölkələri ən azı 30 günlük hərbi əməliyyatlar üçün sursat ehtiyatına malik olmalıdır. Rəsmilər deyirlər ki, Almaniyanın indi cəmi iki həftəlik tədarükü qalıb. Berlin yalnız Şimali Atlantika Alyansının tələblərini yerinə yetirmək üçün 20 milyard avro xərcləməlidir. Bununla belə, Almaniya Müdafiə Nazirliyi 2023-cü ildə bu məqsədlər üçün 1 milyard avrodan bir qədər çox vəsait ayırdıqlarını qeyd edir.
Buna baxmayaraq, bir sıra Avropa müəssisələri gələn il artilleriya mərmilərinin istehsalını artırmağa hazırlaşır. Beləliklə, Nammo bu illə müqayisədə 10 dəfə, Çexoslovakiya Qrupu isə 155 mm-lik mərmi istehsalını iki dəfə artıraraq, ildə 100 min ədədə qədər istehsal edəcək. Həmçinin Almaniyanın Rheinmetall AG şirkəti Ukraynaya tədarük edilən Gepard hava hücumundan müdafiə sistemləri üçün 35 mm-lik mərmilərin istehsalı üçün yeni istehsal xətti quracaq.
Bundan əvvəl Kral Birləşmiş Silahlar İnstitutunun (RUSI) analitikləri qeyd ediblər ki, Rusiya və Ukrayna arasında müharibədə uğur bilavasitə silah və sursat ehtiyatlarından asılı olmağa başlayıb. Lakin artilleriyanın yüksək atəş sürəti “NATO hərbi qüvvələrinin öhdəsindən gələ biləcəyindən” yüksəkdir, RUSI eksperti Nik Reynolds deyir. Onun sözlərinə görə, ABŞ yalnız 2023-cü ilin yazına kimi 155 mm-lik artilleriya mərmilərinin istehsalını 14 mindən 20 minə çatdıracaq. Eyni zamanda, Ukraynanın onlara olan ehtiyacı ayda 100 minə çata bilər.