Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının yarım hərbi müşahidə missiyasını dəvət edərək, Azərbaycanla sərhəddə -Zəngəzur istiqamətində yerləşdirməklə prosesləri lehinə dəyişəcəklərini hesablayırdı. N. Paşinyan bununla müşahidə missiyasının Azərbaycan əleyhinə hesabatlar hazırlayacağı, Brüsselin Bakıya qarşı təzyiqləri artıracağını gözləyirdi. Amma Avropa İttifaqının müşahidə missiyası Ermənistanın “arzularını” doğrultmadı. Azərbaycan Ermənistanla şərti sərhədə yenidən əlverişli yüksəkliklərdə yerləşməklə İrəvanın Avropa İttifaqından gözləntilərinə son qoydu.
Bu barədə danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Avropa İttifaqı Azərbaycanla münasibətləri kəskinləşdirməyi planlaşdırmır. Onun fikrincə, missiya tərkibində Fransanın destruktiv mövqeyi İrəvanı cəsarətləndirmişdi:
“Avropa İttifaqının müşahidə missiyası Azərbaycanla şərti sərhəddən bir neçə kilometr aralıda patrul xidməti aparır. Bu da Avropa İttifaqının tərəflər arasında problemin bir hissəsi olmamaq siyasətinin tərkib hissəsidir. Qeyd edim ki, Brüssel iki dövlət arasında vasitəçi missiyasında maraqlıdırsa, obyektiv mövqe ortaya qoymaqla, beynəlxalq hüququ rəhbər tutaraq tərəf seçməməlidir.
Ermənistan rəhbərliyi Avropa İttifaqının müşahidə missiyası onların istədiklərini həyata keçirmədiyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbiçilərini Azərbaycanla şərti sərhəddə yerləşdirmək üçün danışıqlara getdilər. Göründüyü kimi iki stulda oturmağa çalışan N. Paşinyanın anti-Azərbaycan siyasətinə iki qurumu daxil edə bilmir. Bu da İrəvanın sülh müqaviləsində maraqlı olmadığını göstərir. KTMT hərbçilərinin Ermənistanla sərhədə yerləşməsi isə Avropa İttifaqı ilə Ermənistan arasında münasibətləri kəskinləşdirəcək”.










