AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq- ARAŞDIRMA

AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, dövlət qurumu laboratoriyalar üçün reaktiv, dəst, standartlar, ləvazimatlar və s. malların satın alınması prosesini reallaşdıracaq.

Açıq mənbələrdə qeyd edilir ki, tenderin qalibi “AVAZ GROUP” MMC olub. Şirkət bu işlərin müqabilində AQTİ-dən 3 milyon 746 min 270 manat pul alacaq.

Tribuna.az açıq mənbələr üzərindən “Avaz Group”la bağlı araşdırma aparıb. Əvvəlcə bildirək ki, AQTİ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərkibində fəaliyyət göstərir və onun hazırda rəhbəri Əli Nəbiyevdir. Açıq mənbələrdə Nəbiyevin AQTA rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı olduğuna dair bir çox məlumatlar var.

İndi isə keçək əsas mətləbə. Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, AQTİ-nin keçirdiyi tenderlərin böyük qismini məhz bu şirkət udub. Vergilər Nazirliyinin reysterində qeyd edilir ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.

Lakin Rentry.co saytına yer almış xəbərdə isə vurğulanır ki, bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib.

Sayt daha sonra qeyd edir ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilir. Lakin 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.

Fərda Uğur