Milyarderlərin aktivlərini saxlamaası üçün İsveçrə Alp dağlarında bunkerlər tikilir.
Tribuna.az xarici mediaya istinadla xəbər verir ki, otaqlarda qızıl, nağd pul, sənət əsərləri və avtomobillərin yerləşdirilməsi planlaşdırılır.
Bildirilir ki, obyekt Brünig massivində 100 metrdən çox dərinlikdə tikilir. Brünig massivi İsveçrənin mərkəzində yerləşir.
Layihə müəllifləri əmlakı “demək olar ki, hər hansı mümkün təhlükədən” – hər hansı bir hücumdan və ya fəlakətdən qorumaq niyyətindədirlər. Bu məqsədlə anbarlar dağ massivinin dərinliyində yerləşəcək. Layihənin arxasında iş adamı Tomas Qasserə məxsus İsveçrə şirkəti “Brünig Mega Safe” dayanır. Tikinti 2026-cı ilin yanvar ayında başlayıb. Şirkət nümayəndəsinin sözlərinə görə, yüksək təhlükəsizlik zonasında ilkin işlər artıq başa çatıb. Növbəti addım seyflərə giriş təmin edəcək portalın tikintisi olacaq.
“Təhlükəsizlik səviyyəsi İsveçrə Milli Bankının seyflərində istifadə edilən səviyyə ilə müqayisə olunmalıdır”, – deyə Qasser İsveçrənin RTS televiziya kanalına verdiyi müsahibədə bildirib.

İlk seyflərin 2028-ci ildə tamamlanması gözlənilir. Dağ silsiləsində ümumilikdə 25-ə qədər otaq yaradılması planlaşdırılır. Onlardan birindən 99 il müddətinə istifadə hüququnun dəyəri 1 milyon avroya çata bilər. Seyflər əmlaklarını uzun müddət saxlamalı olan milyarderlər üçün nəzərdə tutulub.
Yeraltı kompleksə giriş bir neçə nəzarət mərhələsindən keçəcək. Qasserin sözlərinə görə, şəxs əvvəlcə keçiddən keçməlidir və əlavə yoxlamalar da planlaşdırılır. Şirkətin məlumatına görə, seyflərdə, demək olar ki, hər cür qiymətli əşyanı saxlamaq mümkün olacaq. Məhdudiyyətlər yalnız narkotik və partlayıcı maddələrə şamil edilir.









