Almaniyada avtomobillər 0 avroya satılır, amma bir nüans var…

Almaniyada avtomobillər 0 avroya satılır, amma bir nüans var…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada işlənmiş avtomobillər bəzən yeni sahiblərinə sözün əsl mənasında pulsuz başa gəlir — elanlarda hətta 0 avro qiymətinə də rast gəlinir.

Tribuna.az xəbər verir ki, ilk baxışda bu qəribə görünə bilər, çünki söhbət tam işlək avtomobillərdən gedir.

Bəs almanlar niyə avtomobilləri pulsuz verməyə hazırdırlar və belə təkliflərin arxasında nə dayanır?

Almanların niyə avtomobilləri pulsuz payladıqlarını anlamaq üçün sadəcə avtomobil sahibi olmağın nə qədər xərc tələb etdiyini hesablamaq kifayətdir — hətta maşın qarajda dayanıb heç yerə getməsə belə. Əsas xərclər bunlardır:

* “Haftpflicht” sığortası — onsuz yola çıxmaq mümkün deyil. Orta hesabla illik 258 avroya başa gəlir, gənc və ya təcrübəsiz sürücülər üçün isə bu məbləğ asanlıqla min avronu keçir;

* “Kfz-Steuer” nəqliyyat vergisi — mühərrikin həcmi, yanacaq növü və ekoloji standart əsasında hesablanır. Məsələn, köhnə “Euro 4” dizel avtomobil kiçik benzin mühərrikli maşından daha baha başa gəlir;

* “TÜV” texniki baxışı — hər iki ildən bir keçmək lazımdır. 2026-cı ildə bu xidmət təxminən 160–170 avro təşkil edir. Əgər maşın texniki baxışdan keçməzsə, əlavə təmir xərcləri və təkrar yoxlama üçün daha 30–50 avro tələb olunur.

Əgər təmirə əyləc disklərinin, asqının və ya katalizatorun dəyişdirilməsi daxildirsə, xərclər artıq 500–800 avroya çata bilər.Belə olan halda ikinci əl bazarında cəmi 300 avro dəyəri olan avtomobil üçün bu xərclərin heç bir mənası qalmır.

Tipik nümunə: Almaniyada yaşayan yaşlı bir şəxsin qarajında 2001-ci il istehsalı “Opel Corsa” dayanır. “TÜV” müddəti bitib, maşında xırda problemlər var. Onu bir neçə yüz avroya satmaq üçün əvvəlcə əlavə pul xərcləmək lazımdır. Maşın qeydiyyatda qaldıqca isə sığorta və vergi xərcləri davam edir.

Avtomobili qeydiyyatdan çıxarmaq çətin deyil və cəmi 10–15 avroya başa gəlir. Lakin bundan sonra maşını küçədə və ya ictimai dayanacaqda saxlamaq olmaz — qeydiyyatsız avtomobil evakuasiya edilə bilər.

Başqa variant utilizasiyaya verməkdir. Qanuna görə istehsalçı öz markasına aid avtomobili pulsuz qəbul etməlidir, amma bunun üçün bütün hissələr orijinal olmalıdır. Köhnə avtomobillərdə isə bu nadir haldır. Nəticədə insanlar “Kleinanzeigen” elan saytında sadəcə “Zu verschenken” (“Pulsuz verilir”) yazır və kiminsə gəlib avtomobili aparmasını gözləyirlər.

Ən çox avtomobilləri yaşlı sahiblər pulsuz verir. Almaniyanın bəzi şəhərlərində yaşlı insanlara avtomobil idarə etməkdən könüllü imtina etdikləri halda pulsuz “Deutschlandticket” təqdim olunur. Bu bilet 2026-cı ildə ayda 63 avro dəyərindədir.

Pulsuz verilən avtomobillər adətən 1990-cı illərin sonu və ya 2000-ci illərin əvvəlinə aid kiçikhəcmli modellər olur. Onların yürüşü çox vaxt 200 min kilometrdən artıq olur. Belə maşınlarda texniki baxış müddəti bitmiş, pas və xırda nasazlıqlar mövcud olur. Buna baxmayaraq, avtomobillər hərəkət vəziyyətindədir — mühərrik işləyir, sürətlər qutusu normal dəyişir, əyləclər saz vəziyyətdədir.

Hazırda Almaniyanın ikinci əl avtomobil bazarına yeni maşınların, xüsusilə elektromobillərin çoxluğu da təsir edir. Dövlət subsidiyalarının azalmasından sonra elektromobillərə tələbat zəifləyib və dilerlər böyük endirimlər etməyə başlayıblar — bəzən qiymətin dörddə biri qədər. Bunun nəticəsində işlənmiş avtomobillərin də qiyməti sürətlə aşağı düşür. Yeni modellər nə qədər əlçatan olursa, köhnə maşınlar bir o qədər dəyər itirir. Nəticədə bir çox sahiblər satışla vaxt itirmək əvəzinə avtomobili sadəcə pulsuz verməyə üstünlük verir.

Belə təkliflərin əsas “ovçuları” isə Avropa İttifaqı ölkələrinin sakinləridir. Onlar üçün avtomobili ölkələr arasında daşımaq gömrük rüsumu tələb etmir. Buna görə hətta simvolik 0 avro qiymətinə avtomobil almaq sərfəli hesab olunur.

Qaynarino