Sosial mediada Ukrayna müharibəsi ilə bağlı məxfi sənədlər yayılıb, burada ABŞ və NATO-nun Ukrayna silahlı qüvvələrinin Rusiyaya qarşı planlaşdırdığı hücuma dair məxfi planları təfərrüatlı şəkildə əks olunub.
Tribuna.az The New York Times-a istinadən xəbər verir ki, Pentaqon Twitter-də, eləcə də yarım milyarddan çox istifadəçisi olan və Rusiyada geniş yayılmış Telegram-da ortaya çıxan sızan sənədlərin arxasında kimin ola biləcəyini araşdırır.
Fotoşəkillər şəklində təqdim edilən sənədlərdə gözlənilən silah tədarükü, silah və batalyon imkanları, təlim cədvəlləri və Ukrayna hərbi hissələrinin sayı göstərilir.
Co Bayden administrasiyasının rəsmiləri onları aradan götürmək üçün çalışırlar, lakin hələ də buna nail ola bilməyiblər.
Analitiklər bu gün bildiriblər ki, sızdırılan sənədlərin indi və yaxın aylarda cəbhədəki döyüşlərə təsirini qiymətləndirmək çətindir.









