Andryus Kubilyus hesab edir ki, əgər Danimarka müraciət edərsə, Avropa İttifaqı Qrenlandiya üçün daha böyük təhlükəsizlik təmin edə bilər.
Əgər ABŞ Qrenlandiyanı güc yolu ilə ələ keçirsə, bu, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sonu demək olacaq.
Tribuna.az xəbər verir ki, Bu barədə Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus İsveçdə keçirilən təhlükəsizlik konfransı zamanı Reuters agentliyinə açıqlamasında bildirib.
O, ABŞ prezidenti Donald Trampın Danimarkanın muxtar ərazisi olan Qrenlandiya üzərində nəzarət əldə etmək niyyətinə münasibət bildirib.
“Mən Danimarkanın baş naziri ilə razıyam ki, bu, NATO-nun sonu olacaq. Eyni zamanda, cəmiyyət bunu son dərəcə mənfi qarşılayacaq”, — deyə Kubilyus vurğulayıb.
Avrokomissarın sözlərinə görə, bu addım “insanlara və transatlantik münasibətlərə çox mənfi təsir göstərəcək”. Bununla belə, o, ABŞ tərəfindən hərbi müdaxilənin baş verəcəyinə inanmadığını qeyd edib. Lakin Avropa İttifaqı Müqaviləsinin 42.7-ci maddəsi üzv dövlətləri hərbi təcavüzlə üzləşərsə, Danimarkaya yardım göstərməyə məcbur edir.
“Bu, Danimarkanın necə reaksiya verəcəyindən və hansı mövqeni tutacağından asılı olacaq. Amma şübhəsiz ki, üzv dövlətlərin digər üzv ölkə hərbi təcavüzlə üzləşərsə, qarşılıqlı yardım göstərmək öhdəliyi mövcuddur”, — deyə avrokomissar qeyd edib.
İmran Kərimli









