Azərbaycanda doğum səviyyəsinin son 10 ildə kəskin şəkildə aşağı düşüməsi ciddi risklər yaradır. Bu vəziyyət dövlət üçün təhlükəsizlik məsələsidir.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli çıxış edib. O əlavə edib ki,
2016-cı ilin ilk yarısında, yəni yanvar-iyun aylarında ölkədə 77,3 min körpə dünyaya gəlib.
“Həmin dövrdə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 16,1 olub.
2026-cı ilin eyni dövründə isə Azərbaycanda cəmi 40 798 uşaq doğulub. Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 8,0 təşkil edib.
Son 10 ildə gəldiyimiz vəziyyət budur. Fəlakətli rəqəmlərdir”.
N. Cəfərlinin sözlərinə görə, doğumların azalması ilə yanaşı, 18-30 yaş arası gənclərin ölkədən kütləvi miqrasiyası da baş verir.
“Doğuşun azalması ilə paralel olaraq 18-30 yaş arası gənclərin ölkədən kütləvi köçü baş verir. Yəni, növbəti illərdə demoqrafik göstəricilər daha pis olacaq”, – deyə o qeyd edib.
İqtisadçı hesab edir ki, yaranmış vəziyyət artıq yalnız sosial və iqtisadi problem kimi deyil, dövlət təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir:
“Bu vəziyyət dövlət üçün təhlükəsizlik məsələsidir. Eşidirsiniz?!”.
Nigar İxtiyarqızı









