Peşəkar dələduz residivist imiş — Dəhşətli və sübuta yetirilmiş əməllər

Peşəkar dələduz residivist imiş — Dəhşətli və sübuta yetirilmiş əməllər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü “David Seliverstov” adı ilə təqdim edən Kazım Elşən oğlu Abbasovun keçmişi ilə bağlı Musavat.com-a olduqca sensaion məlumatlar, məhkəmə hökmündən çıxarışlar təqdim olunub.

Məlumatları redaksiyamıza təqdim edən zamanında Kazım Abbasovun əməlindən zərərçəkmiş şəxsdir. Əlimizdə olan sənədlərdən belə aydın olur ki, keçmişdə Kazım Abbasov özünü polis mayoru, indi isə “beynəlxalq hüquq müdafiçisi”, yəhudi əsilli şəxs olaraq təqdim edir. Sənəd-subutlardan, təqdimatlarından aydın olur ki, Kazım Abbasov – “David Seliverstov”un bütün bu dələduz əməllərinin arxasında 1 məqsəd var – pul qoparmaq!

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə “David Seliverstov” əsl adı, soyadı və atasının adı belədir – Abbasov Kazım Elşən oğlu.

Qeyd edək ki, 27 səhifədən ibarət məhkəmə hökmündə Kazım Elşən oğlu Abbasovun əvvəlki məhkumluqları, dələduzluq əməlləri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və cəzaçəkmə müəssisəsinə qayıtmaqdan boyun qaçırması barədə son dərəcə ağır faktları əks etdirir.

Musavat.com xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 yanvar 2016-cı ildə çıxarılıb. İşə hakim Azər Orucovun sədrliyi, hakimlər Mayıl Bayramov və Rahib Salmanovun iştirakı ilə baxılıb.

Məhkəmənin müəyyən etdiyinə görə, Kazım Abbasov müxtəlif şəxslərə özünü Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili kimi təqdim edib. O, bu saxta statusdan istifadə edərək insanlara Dövlət Neft Şirkətinə, polis orqanlarına, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə işə düzəltmək vədi verib.

Hökmdə bu barədə deyilir: “Təqsirləndirilən şəxs Abbasov Kazım Elşən oğlu aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə təkrarən zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş…”

Məhkəmə hökmündə üç əsas dələduzluq epizodu göstərilir. Bu epizodlar üzrə alınan pulun ümumi məbləği 38 min 750 manat təşkil edir.

Məhkəmənin müəyyən etdiyinə görə, Kazım Abbasov Şahin Zeyniyevə özünü polis idarəsinin baş əməliyyat müvəkkili kimi təqdim edib və onu Azərbaycan Dövlət Neft Şirkətinə mühəndis vəzifəsinə düzəldəcəyini bildirib.

Hökmdə yazılır: “Sonuncunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə mühəndis vəzifəsinə işə düzəldəcəyini yalandan vəd edib aldatmış… ümumilikdə vahid qəsdlə əhatə olunan külli miqdarda – 12 min manat nağd pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib”.

Sənədə əsasən, ilk 10 min manat 2013-cü ilin dekabrında “Nizami” metrostansiyasının yaxınlığında verilib. 2014-cü ilin yanvarında isə “əlavə xərclər” adı altında daha 2 min manat alınıb. Şahin Zeyniyev məhkəmədə ifadə verərək bildirib ki, Kazım Abbasov əvvəlcə onun sənədlərini istəyib, daha sonra birlikdə Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin yerləşdiyi əraziyə gediblər. Kazım Abbasov sənədləri guya lazımi şəxslərə göstərdiyini, Şahin Zeyniyevi “Neft Daşları”nda operator vəzifəsinə düzəldəcəyini və aylıq maaşının 1100-1300 manat olacağını deyib.

Lakin vəd yerinə yetirilməyib. Pulunu tələb edən zərərçəkmişin sözlərinə görə, Kazım Abbasov bir müddət müxtəlif bəhanələr gətirib, sonra telefonunu söndürərək gizlənib.

İkinci epizod Samir Səmədovla bağlıdır. Hökmə görə, Kazım Abbasov özünü polis mayoru və Yasamal Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək Samir Səmədovu polis orqanlarında işə düzəldəcəyini vəd edib.

Ondan Milli Məclisin inzibati binasının yaxınlığında – 4 min manat; Yasamal rayonundakı avtomobil bazarında – 5 min 500 manat; Yasamal Rayon Polis İdarəsinin qarşısında – 1500 manat;

“Azərsu” ASC-nin inzibati binasının yaxınlığında – 750 manat alıb.

Hökmdə qeyd olunur ki, Kazım Abbasov Samir Aəmədovda ümumilikdə 11.750 manat nağd pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alaraq ələ keçirib. Zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Samir Səmədov məhkəmədə bildirib ki, pulu toplamaq üçün iki bankdan kredit götürüb, hətta özünə məxsus “Mercedes” avtomobilini satıb. Sonuncu 750 manatın isə işə qəbul üçün keçiriləcəyi deyilən idman imtahanının “əlavə xərci” adı ilə istənildiyi bildirib.

Üçüncü epizod zərərçəkmiş Elçin Mustafayevlə bağlıdır. Məhkəmənin müəyyən etdiyinə görə, Kazım Abbasov əvvəlcə ona Türkiyədən geyim gətirərək ticarət qurmaq təklifi verib və 15 min manat alıb. Geyimlər gətirilmədikdən sonra isə həmin pulun müqabilində zərərçəkmişi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə işə düzəltməyi vəd edib.

Hökmdə deyilir: “Sonuncunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə işə düzəldəcəyini yalandan vəd edib aldatmış, 15 min manat nağd pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib”.

Elçin Mustafayevin ifadəsinə əsasən, Kazım Abbasov ondan diplomun, attestatın, hərbi biletin əslini, fotoşəkillər, yaşayış yeri və sağlamlıq haqqında arayış tələb edib. İşin 40-50 gün ərzində həll olunacağını desə də, vədini yerinə yetirməyib.

Zərərçəkmiş pulunu geri tələb etdikdən sonra Kazım Abbasov 1000 manatı qaytarıb, qalan 14 min manatı isə qaytaracağını bildirsə də, sonradan gizlənib.

Məhkəmə hökmündə Kazım Abbasovun istifadə etdiyi “Toyota Prado” markalı avtomobilə baxış zamanı tapılan əşyaların siyahısı da verilib.

Avtomobildən mayor paqonları ilə birlikdə polis yay geyim forması; polkovnik-leytenant paqonları olan ikinci polis forması; iki ədəd qandal; oyuncaq tapançaya bənzər qara rəngli predmet; müxtəlif şəxslərə və avtomobillərə aid sənədlər; Nəsimi və Yasamal rayon polis idarələrinin rəislərinin adına yazılmış ərizələr, izahatlar, qərarlar və digər sənədlər aşkar olunaraq götürülüb.

Kazım Abbasovun tutulması əməliyyatlnda iştirak edən polis əməkdaşı məhkəmədəki ifadəsində bildirib ki, Kazım Abbasov onlara özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim esib. Onlar isə Kazım Abbasova qeyd edilən idarənin əməkdaşları olduqlarını və onu tanımadıqlarını deyərək avtomobilə və onun üzərinə baxış keçirməyə hazırlaşarkən Kazım Abbasov polis əməkdaşlarını itələyərək qaçmağa nail olub.

5,756 qram heroinlə bağlı ittiham

Hökmün daha bir ağır hissəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Məhkəmə Kazım Abbasovun Oqtay Cabbarov və Fərid Kərimovla əvvəlcədən əlbir olaraq satış məqsədilə heroin əldə etməsini, daşımasını, saxlamasını araşdırıb və sübuta yetirilmiş sayıb.

Hökmə əsasən, Kazım Abbasov ümumi çəkisi 5,756 qram heroin əldə edib. Bu maddənin 2,899 qramını Fərid Kərimova, 2,857 qramını isə Oqtay Cabbarova verib.

Ekspertiza hər iki şəxsdən götürülmüş maddənin kustar üsulla hazırlanmış heroin olduğunu və kimyəvi tərkibinə görə eynilik təşkil etdiyini müəyyənləşdirib.

Məhkəmə hökmündə nəticə belə ifadə olunur: “Təqsirləndirilən şəxslər Abbasov Kazım Elşən oğlu, Cabbarov Oqtay Əlövsət oğlu, Kərimov Fərid Hikmət oğlu və Hacıyev Zahid Babas oğlunun etdikləri cinayət əməlləri məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir”.

Dosyedə Kazım Abbasovun əvvəlki məhkumluğu dövründə cəza çəkməkdən boyun qaçırması da göstərilir.

Belə aydın olur ki, o, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2011-ci il hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkərkən, 16 avqust 2014-cü ildə ailəsi ilə üçgünlük görüş üçün müəssisədən kənara çıxmasına icazə verilib.

Lakin görüş müddəti başa çatdıqdan sonra – 19 avqust 2014-cü ildə o, cəzaçəkmə müəssisəsinə qayıtmayıb. Bu əməl saxlama yerindən qaçmağa bərabər tutulur.

Hökmdə qeyd edilir: “Görüş müddəti bitməsinə baxmayaraq, üzrlü səbəb olmadan həmin müəssisəyə geri qayıtmamış və bununla da azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırmışdır”.

Kazım Abbasov məhkəmədə bu əməli etiraf edib. O, hüquq-mühafizə orqanlarının onu axtardığını öyrəndiyi üçün cəzaçəkmə müəssisəsinə qayıtmadığını bildirib.

Məhkəmə sənədi Kazım Abbasovun bu hökmdən əvvəl də bir neçə dəfə məhkum olunduğunu üzə çıxarır.

Sənədə əsasən:

-Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2010-cu il hökmü ilə ona 4 min manat cərimə verilib;

-Xəzər Rayon Məhkəməsinin 22 iyun 2011-ci il hökmü ilə Cinayət Məcəlləsinin 310 və 320.1-ci maddələri üzrə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib;

-Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2011-ci il hökmü ilə təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 3 il 6 ay azadlıqdan məhrum edilib;

-əvvəlki hökmlər üzrə cəzalar birləşdirilərək yekunda ona 4 il 6 ay həbs və 3500 manat cərimə təyin olunub.

Məhkəmə onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlər törətməsini cinayətlərin residivi kimi qiymətləndirib. Hökmdə residiv Kazım Abbasovun cəzasını ağırlaşdıran hal sayılıb.

Beləliklə, məhkəmə zərərçəkmişlərin ifadələrini, şahid ifadələrini, əməliyyat sənədlərini, ekspertiza rəylərini və digər sübutları əsas götürərək Kazım Abbasovun əməllərinin sübuta yetirildiyi çıxardığı hökmlə təsdiq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Kazım Elşən oğlu Abbasovu Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq – 178.3.2; narkotik satışı – 234.4.1; cəza yerindən qaçış – 305-ci maddələri ilə təqsirli bilib. Ona dələduzluğa görə 9 il, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 7 il, cəza çəkməkdən boyun qaçırmağa görə isə 10 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzalar qismən toplandıqdan sonra 11 il müəyyənləşdirilib. Əvvəlki hökmlə çəkilməmiş cəzanın bir hissəsi də buna əlavə olunaraq yekun hökm çıxarılıb: “Abbasov Kazım Elşən oğluna qəti olaraq 12 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin”.

Cəzanın başlanğıcı 29 sentyabr 2014-cü ildən hesablanıb.

Beləliklə, məhkəmə hökmü Kazım Elşən oğlu Abbasovun təsadüfi bir cinayətə görə deyil, əvvəlki məhkumluqları da nəzərə alınmaqla, dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və cəzadan yayınma kimi bir sıra ağır əməllərə görə residivist məhkum olduğunu rəsmən təsdiqləyir.

Maraqlıdır ki, residivist Kazım Abbasov vaxtından əvvəl cəzadan azad olunub və qısa müddətdə köhnə “peşəsi”ni daha geniş və əhatəli şəkildə davam etdirməyə girişib. 2022-ci ildə artıq özünü yəhudi əsilli “David Seliverstov” kimi təqdim etməklə bu dəfə “beynəlxalq huquq müdafiəçi”si qismində özünü sınayıb. Etiraf etmək lazımdır ki, ötən 4 il ərzində keçmiş “zek” özünə başgicəlləndirən imic yaradıb və bu mifdən olduqca məharətlə istifadə edə bilib.

İndi isə keçmişi onu ələ verir – Kazım Abbasov “polis mayoru” adına görə cəzasını alıb, “David Seliverstov” qiyafəsində etdiyi əməllərə görə isə cavab verəcəyi gün də artıq uzaüda deyil.