28 il sonra evinə qayıtdı – dünyanı piyada dolaşan səyyah (VİDEO)

28 il sonra evinə qayıtdı – dünyanı piyada dolaşan səyyah (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanı piyada dolaşan ilk insan olmaq məqsədilə yola çıxan britaniyalı kişi 28 ildən sonra vətənə qayıdıb.

Tribuna.az xəbər verir ki, bu barədə “ITV News” məlumat yayıb.

Hull şəhərindən olan Karl Buşbi oktyabrın 5-i bazar ertəsi günortadan sonra Dover şəhərinin cənubundakı Şekspir çimərliyinə çıxıb. O, möhtəşəm səyahətinin son mərhələsində La-Manş boğazını üzərək keçib.
57 yaşlı səyyah 48 min kilometrdən çox məsafə qət edib. La-Manş boğazını keçmək üçün üzməyə məcbur qalıb, çünki La-Manş tunelinin rəhbərliyi xidmət tunelindən istifadə etmək barədə müraciətini rədd edib.
Buşbi bildirib: “Bütün bu illərdən sonra ayaqlarımın altında Britaniya torpağını hiss etmək çox xoşdur.


Bu, asan olmadı və məqsədin bir hissəsi də elə bu idi – özümün düşündüyümdən daha çox şeyə qadir olduğumu sübut etmək. Hamımız xəyal etdiyimizdən daha böyük işlərə nail ola bilərik”.
Keçmiş paraşütçü olan Buşbi dünya səyahətinə çıxmaq fikrinə ilk dəfə hərbi xidmətdə olarkən düşüb. O, 1998-ci ilin noyabrında yola çıxıb və səyahətin təxminən 12 il çəkəcəyini düşünürdü.
Özünə qoyduğu qaydalara görə, o, nəqliyyat vasitələrindən istifadə edə və səyahətini başa çatdırmadan Böyük Britaniyaya qayıda bilməzdi.
Viza şərtlərinə görə, bəzi ölkələrdə məhdud müddət qala bilirdi və həmin ölkələrə yenidən qayıtmazdan əvvəl oradan çıxmalı olurdu.
Meksika və ABŞ-da əlavə vaxt keçirsə də, Buşbi piyada yürüşünü davam etdirmək üçün həmişə əvvəl dayandığı dəqiq nöqtəyə qayıdırdı.


Səfər zamanı Cənubi Amerikanı başdan-başa piyada keçib, təhlükəli Darien keçidindən adlayaraq şimala, Alyaskaya doğru irəliləyib.
Daha sonra Berinq boğazını şərqdən qərbə piyada keçən ilk şəxs kimi qeydə alınıb. Lazım gəldikdə boğazın bəzi hissələrini üzərək keçib.
Buşbi Sibiri və Asiyanın digər ərazilərini keçdikdən sonra Xəzər dənizini də üzərək adlayıb. O, ötən il Avropaya çatıb, ötən ay isə La-Manş boğazına gəlib.
Ümumilikdə, səyyah 29 ölkə və ərazidən keçərək təxminən 50 min kilometr yol qət edib. O, qarşıdakı ay ərzində Hull şəhərində yaşayan anasının evinə çatmaqla səyahətini tamamlamağı planlaşdırır.

İmran Kərimli